Astara rayonunun hərbi komissarı işdə buraxdığı ciddi nöqsana görə işdən azad edildi

Astara rayonunun hərbi komissarı işdə buraxdığı ciddi nöqsana görə işdən azad edildi

23 Dekabr 2011 17:45
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda eşitmə qabiliyyətini itirmiş şəxsin hərbi xidmətə çağırılması faktına görə Astara rayon hərbi komissarı vəzifədən azad edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu faktla bağlı açıqlamasında bildirib ki, müdafiə naziri Səfər Əbiyevin əmri ilə Astara rayon hərbi komissarı, polkovnik-leytenant Rafael Vahidov tutduğu vəzifədən azad edilib. Bir sıra cavabdeh tibb işçiləri də cəzalandırılıb. Onlardan 4-nə şiddətli töhmət verilib, 2-nə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq olunub, 1 nəfərin rütbəsi isə aşağı endirilib. Əsgər İxtiyar Nadirov eşitmə qabiliyyəti olmadığı üçün Azərbaycan Ordusu sıralarından tərxis edilib. Qeyd edək ki, müdafiə naziri Səfər Əbiyev eşitmə qabiliyyətini itirmiş İxtiyar Nadirovun ordu sıralarına çağırılması faktı ilə bağlı araşdırma aparılması üçün komissiya yaradıb. Bu addımlar komissiyanın gəldiyi nəticəyə uyğun olaraq atılıb.

Xatırladaq ki, Astara rayonunun Pensər kənd sakini, eşitmə qabiliyyətini itirmiş İxtiyar Nadirovun cəbhə xəttində, Tərtər rayonunda hərbi hissədə hərbi xidmətdə olması barədə mətbuatda məlumatlar verilib. Məlumatlara görə, əsgərin bir qulağının anadangəlmə eşitmə qabiliyyəti olmayıb, digər qulağı isə çox zəif eşidir.

O.M.