QİÇS xəstəsi Dilarə sağlam uşaq doğdu

QİÇS xəstəsi Dilarə sağlam uşaq doğdu

23 Dekabr 2011 02:01
Bəyəndim (0) Bəyənmədim (0)
Rusiyalı aktrisa Tatyana Lyutayeva onun taleyini tamamilə dəyişdi

Rusiyalı aktrisa Tatyana Lyutayeva bu yaxınlarda həyata keçirdiyi xeyirxah bir əməllə ictimaiyyətin yaddaşında qala bildi. Onun məsləhətə ilə Dilarə adlı narkoman QİÇS xəstəsi abort etmək fikrindən daşınaraq dünyaya sağlam körpə gətirdi. Rusiyanın Lifenews.ru saytının məlumatına görə, Nijnıy Novqorod şəhərinin Dilarə adlı 26 yaşlı sakini həyat yoldaşı ilə birlikdə narkotik aludəçisi idi. Bir gün əri onu QİÇS-ə yoluxdurdu. Dilarə depressiyaya düşərək narkotikin dozasını artırmağa başladı. Üç il ərzində tamamilə narkomana çevrildi. Həyat bağı qırılmaq üzrə idi gənc xanımın.

Son dövrlərdə hamilə qaldığını hiss etmişdi. Nə edəcəyini bilmirdi. Hətta intihar haqda düşünməyə başlamışdı. Lakin qəti addım atmağa cəsarəti çatmırdı. Məhz bu anda təsadüf onu "Sağlam Gənclər Mərkəzin"ə gətirdi. Dilarə burada aktrisa Tatyana Lyutayeva ilə tanış oldu. Biçarə qadın dərdini aktrisaya danışaraq, hamilə olduğunu bildirdi və uşağını abort etməyə hazırlaşdığını dedi. Tatyana Lyutayeva həmin ərəfədə "Sağlam Gənclər Mərkəzi"nin qəyyumluq şurasının üzvü idi və narkotik xəstələrinin reabilitasiyasında şəxsən iştirak edirdi. Aktrisa Dilarənin dərdini dinləyərək ona ürək-dirək verməyə başladı. Bir müddət onunla sıx əlaqədə oldu. Dilarə o dövrü xatırlayarkən deyir: "Mən ağır günlərimi yaşayırdım. Tatyana Lyutayeva olmasaydı, çətin ki, doğuşa razılıq verərdim. Abort etmək fikrim qəti idi. O vaxtlar mən artıq QİÇS xəstəsi idim və 3 ildən bəri ağır narkotiklər qəbul edirdim. Aborta cəmi bir neçə gün qalmış aktrisa mənə zəng vurdu. Xeyli danışdıq. O, mənə başa saldı ki, ana olmaq ən böyük xoşbəxtlikdir. Ağlıma belə gətirməzdim ki, o, mənim taleyimi büsbütün dəyişəcək. Onun sayəsində həyatım tamamilə dəyişdi."

Tezliklə Dilarə Moskvadan doğma şəhərinə - Nijnıy Novqoroda yollandı. Orada narkotiki ataraq Maşa adlı körpəsini dünyaya gətirdi. İlk analizlər göstərdi ki, körpə sağlamdır. Xoşbəxt ana bu barədə deyir: "Mən Tatyanaya sevincimdən dolayı hədsiz dərəcədə minnətdaram. Maşa böyüyən kimi onu bizim xilaskarımızla tanış edəcəm."

Xatırladaq ki, Tatyana Lyutayeva məşhur "Гардемарины, вперед (Dənizçi müdavimlər, irəli)" filminin aktrisasıdır. O, ictimai işlərlə fəal şəkildə məşğul olur. Bir müddət "Sağlam Gənclər Mərkəzi" nəzdində narkotik xəstələrinin reabilitasiyasında şəxsən iştirak edib.

Qaranlıq gecə düşməsə, işıqlı səhər də gəlməz. Gecənin, gündüzün yaradanı Ulu Tanrıya şükürlər olsun!..

Sərvər Aslanov

O.M.

http://www.lifenews.ru/news/77612