
"30-40 yaşlı adam soyad sonluğunu dəyişirsə, onunla bağlı bütün sənədlər dəyişməlidir"
Azərbaycan Milli Məclisinin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirir ki, "Adlar və soyadlarla bağlı məsələ artıq akademik təhlildən keçib. Müəyyən ilkin nəticələr var. Tezliklə soyad sonluqları ilə bağlı məsələ tam şəkildə öz qanuni həllini tapacaq". Onun sözlərinə görə, hazırda bununla bağlı Azərbaycan Nazirlər Kabinetində iş gedir: "Adlar və soyadlarla bağlı geniş təhlillər aparılır. Hər bir münasibəti, tendensiyaları, maraqları nəzərə alaraq yaxın zamanlarda normal bir sənəd ortaya çıxacaq".
N. Cəfərov deyib ki, soyadlarla bağlı müəyyən problemlər də var: "Bəzən bizim
cəmiyyətimizdə də deyirlər ki, bu məsələni tez bitirmək lazımdır. Amma bu,
kifayət qədər mürəkkəb prosesdir. Cəmiyyətin hətta kiçik bir hissəsi bununla
razılaşmırsa, bu barədə düşünmək lazımdır. Sabah kimsə desə ki, mən "ov", "yev"
soyad sonluğunu saxlayıram, ona deyə bilmərik ki, saxlama. Çünki bu,
şəxsiyyətlə bağlı məsələdir. Elə olmalıdır ki, bu təkcə qanun kimi yox, yaşam
üsulu kimi hər bir azərbaycanlıya aid olsun. Qanun olarsa, bu, ancaq Azərbaycan
Respublikasına aid olacaq. Amma dünyada nə qədər azərbaycanlı var. Elə metodlar
tapmalıyıq ki, bu, bütünlükdə azərbaycanlı şüuru üçün qəbul olunsun. Bu məsələ
ilə bağlı Nazirlər Kabinetinin xüsusi qərarı olduqdan sonra "Adlar və
soyadlarla bağlı qanun" da qəbul edə bilərik. Çünki ad, soyad, ata adı
məsələləri yalnız sərəncamla həll oluna bilən məsələ deyil".
Komitə sədrinin sözlərinə görə, soyadlarla bağlı icbari metodlar tətbiq
etməkdən daha çox soyad sonluqlarının götürülməsinin sərbəstliyinin
genişləndirilməsi lazımdır: "Qoy 5-10 faiz "ov", "yev" sonluğu qalsın. Amma qəti
şəkildə əminəm ki, heç də Azərbaycan əhalisinin 80 faizi bu soyadları
istədiyinə görə saxlamır. Bu, ancaq texniki məsələdir, insanların bu soyad
sonluqlarına xüsusi məhəbbətinin nəticəsi deyil. Sadəcə, burada hüquqi baxımdan
çoxlu sənədlər tələb olunur. Bizə də bəzən soyad sonluqlarının dəyişdirilməsi
ilə bağlı müraciət edirlər. 30-40 yaşlı adam soyad sonluğunu dəyişirsə, onunla
bağlı bütün sənədlər dəyişməlidir".
O.M.