Azərbaycanlı hüquq müdafiəçisi Türkiyə prokurorluğuna şikayət etdi

Azərbaycanlı hüquq müdafiəçisi Türkiyə prokurorluğuna şikayət etdi

17 Dekabr 2011 19:25
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 7-də İstanbulda (Türkiyə) polis əməkdaşları tərəfindən saxlanılan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, hüquq müdafiəçisi İntiqam Əliyevin vəkilləri onun şikayətini Bakırköy Dövlət Prokurorluğuna təqdim ediblər. İ.Əliyevin açıqlamasına görə, şikayətdə onun dekabrın 6-da İstanbulun Atatürk Hava Limanında gömrük polisləri tərəfindən təhqir olunması, döyülməsi və qanunsuz olaraq deportasiya olunması barədə məlumatlar qeyd olunub. Şikayətdə İ.Əliyevə qarşı zorakılıq edən şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi tələb olunub. Hüquq müdafiəçisi məsələnin nəzarətə götürülməsi və obyektiv araşdırılması üçün Türkiyə prezidenti Abdulla Gülə, Baş nazir Rəcəb Tayyib Ərdoğana, Xarici və Daxili İşlər nazirliklərinə də müraciət edildiyini deyib.

Qeyd edək ki, dekabrın 6-da Vilnüsdəki beynəlxalq tədbirdən Azərbaycana qayıdan İntiqam Əliyev İstanbul Hava Limanında saxlanılıb. O, polis əməkdaşları tərəfindən təhqir olunduğunu, döyüldüyünü və qanunsuz deportasiya olunduğunu iddia edir.

O.M.