Misir yenidən qana boyandı

Misir yenidən qana boyandı

17 Dekabr 2011 00:53
Bəyəndim (0) Bəyənmədim (0)
1 nəfər öldü, 133 insan xəsarət aldı

"Ərəb baharı" inqilabi hərəkatından sonra çoxları Misirə sülhün gəldiyini güman edirdilər. Belə ki, xalqın təkidli tələbi ilə diktator Hüsnü Mübarək devrilmişdi. Lakin bu gün yenidən Qahirədə qan töküldü. RİA Novosti xəbər agentliyinin məlumatına görə, mitinq iştirakçıları ilə hərbçilər arasında yenidən toqquşma yaşandı. Nəticədə, 1 nəfər öldü, 133 nəfər xəsarət aldı. Etirazçılar Nazirlər Sovetinin binasını qoruyan hərbçilərlə üz-üzə gəlmişdilər. Hazırda da münaqişə səngimək bilmir. Nümayişçilər artıq parlament yaxınlığında yerləşən binanı yandırıblar. Qəsr əl Ayni küçəsində yerləşən həmin binanın həyəti Təhrir meydanından gəlmiş etirazçıların toplantı yeri idi.

Ümumiyyətlə nümayişçilər 25 noyabrdan bəri Kamal Əl Qənzuri hökumətinin istefasını tələb edirlər. Eyni zamanda yeni Nazirlər Sovetində nümayişçilərin namizədlərini görmək istəyirlər. Onlar həmçinin Misir silahlı qüvvələri Ali Sovetinin iqtidardan uzaqlaşmasını tələb edirlər.

Hakimiyyət rəsmilərinin məlumatına görə, mitinqçilər Nazirlər Sovetinin binasını zorla ələ keçirmək istəyərkən dövlət və ictimai mülkiyyətə ziyan vurduqları üçün onlara qarşı güc tətbiq olunub. Müxalifətçilər isə qeyd edirlər ki, hər şey polisin dinc nümayişçini tutmaq istəməsi ilə başlayıb.

İnqilab sökülmüş coraba bənzəyir, dartdıqca uzanır...

Sərvər Aslanov

O.M.