Avropa Komitəsi Azərbaycanda məhkumların saxlanma şəraitini yüksək qiymətləndirdi

Avropa Komitəsi Azərbaycanda məhkumların saxlanma şəraitini yüksək qiymətləndirdi

16 Dekabr 2011 22:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda səfərdə olan İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) vitse-prezidenti Haritini Diplanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Ədliyyə naziri Fikrət Məmmədovla görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə bir sıra məsələlərə toxunulub. Qonaqlar istintaq təcridxanalarına, bir sıra qapalı və açıq tipli cəzaçəkmə müəssisələrinə baş çəkdiklərini, məhkumlarla təkbətək görüşlər keçirdiklərini bildirərək, məhkumların saxlanma şəraitinin, onlara göstərilən tibbi xidmətin xeyli yaxşılaşdırıldığını qeyd ediblər. Monitorinqlər zamanı penitensiar müəssisələrdə işgəncə və pis rəftar halları ilə bağlı hər hansı narahatlıq doğura bilən məlumatların daxil olmadığını, məhkumlarla yaxşı davranışın şahidi olduqlarını vurğulayıblar.

F.Məmmədov Avropa Şurası ilə əməkdaşlıq, insan hüquqlarının müdafiəsinə xidmət edən məhkəmə və ədliyyə islahatları barədə məlumat verib. O, penitensiar sistemin inkişafı, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən CPT-nin tövsiyələri nəzərə alınaraq bu sahədə infrastrukturun müasirləşdirilməsi üzrə görülən işlərdən danışıb.

O.M.