Azarkeşlər baş məşqçini şil-küt ediblər
Ukraynanın "Çernomorets" futbol komandasının baş məşqçisi Konstantin Frolov azarkeşlər tərəfindən döyülüb.
"Report" xəbər verir ki, insidentə Odessa təmsilçisinin Ukrayna Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin cavab matçında "Poltava"ya 0:3 hesablı məğlubiyyəti səbəb olub. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn "Çernomorets" iki oyununun nəticəsinə əsasən, I Diviziona düşüb.
Komandanın elitanı tərk etməsindən narazı qalan azarkeşləri Frolova hücum çəkərək, onun başına zərbələr endiriblər. Nəticədə baş məşqçinin sol gözünün altında hematoma yaranıb. O, tələsik stadionu tərk edib və oyunsonrası mətbuat konfransına qatılmayıb.
Qeyd edək ki, "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqoruçuk 2010 – 2014-cü illərdə "Çernomorets"ə rəhbərlik edib.