
Ulu öndər 8 ildir aramızda yoxdur
Bu gün Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevin anım mərasimləri təşkil olunub. Dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media orqanları və ictimaiyyətin nümayəndələri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər. Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatları da Heydər Əliyevin vəfatının 8-ci ildönümü ilə əlaqədar anım mərasimləri təşkil ediblər.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub.
1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü
ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi
sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor
rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb,
1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul
plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin
rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail
Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən
istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi
qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində
bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin
təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq
Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin
ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı
Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana
qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin
ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali
Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində
keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də
Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli
Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi
nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O,
1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən
Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də
keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq
vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə
iştirak etməkdən imtina edib.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü
il dekabrın 12-də dünyasını dəyişib.
O.M.