
Suriya vətəndaşı olan azərbaycanlılar təşkilatlandılar
Suriyanın Allepo şəhərində bu ölkədə yaşayan Qarapapaq Türkləri ictimaiyyətinin iclası keçirildi. Əvvəlcə onu qeyd edək ki, dünyanın bir çox ölkələrində azərbaycanlı türklər məhz Qarapapaq adlandırılırlar. Hətta SSRİ-nin süqutuna qədər qonşu Türkiyədə də etnik azərbaycanlılara Qarapapaq deyirdilər.
Suriyanın müxtəlif əyalətlərindən gələn 43 Qarapapaq ziyalısı Suriya Qarapapaq Türklərinin Milli Birliyi (SQTMB) adlı təşkilatı təsis etdi. ИА REGNUM xəbər agentliyinin məlumatına görə, SQTMB təsis toplantısında 5 nəfərdən ibarət idarəetmə orqanı - Ali Sovet seçildi. Məclis həmçinin ölkədəki sosial-iqtisadi, ictimai, mədəni və siyasi vəziyyəti təhlil edərək Bəşər Əsəd iqtidarının ünvanına sərt ittihamlar səsləndirdi. Qərara alındı ki, tezliklə Qarapapaq Türkləri üçün ölkənin müxtəlif şəhərlərində məktəblər açılmasına dair planlar hazırlansın. Tədbirdə Gürcüstan Türkləri Konfederasiyasının sədri Daşqın Gülməmmədovun müraciəti səsləndirildi: "Mən sizi bu tarixi əlamətdar hadisə münasibətilə təbrik edirəm. Suriyanın Qarapapaq Türkləri, siz bilməlisiniz ki, Sultan Bəybars sizi əbəs yerə Suriya və Misirə yerləşdirməyib. Siz birləşərək milli iradənizi nümayiş etdirməlisiniz. Bu çətin günlərdə Suriya xalqı ilə birlikdə olub, diktator Bəşər Əsədin devrilməsində yaxından iştirak etməlisiniz."
Tədbirdə o da qərara alındı ki, Gürcüstan Türkləri Konfederasiyasının qırmızı yaşıl bayrağı Qarapapaq türklərinin də milli bayrağı hesab olunsun.
Ulu öndər M.K.Atatürk zamanında demişdi: "türkün türkdən başqa dostu yoxdur!"
Natiq Qocaman
O.M.