
Arif Hacılının məhkəməsində müxalifətçilər təhqir olundu
Bu gün Bakı Apellyasiya Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
Vəkil Əsabəli Mustafayevin verdiyi məlumata görə,
prosesə sədrlik edən hakim Vaqif Mursaqulov məhkəmədə video və foto çəkilişin
aparılmasına icazə verdiyini deyib: "Lakin sonradan o, fikrini dəyişərək foto
çəkilişin dayandırılmasını istədi və foto çəkiliş aparan şəxsin bayıra çıxarılmasını
tələb etdi. Buna görə də prosesdə qarışıqlıq yarandı. Bu vaxt bir neçə mülki
şəxs zala daxil olaraq Tural Abbaslı ilə mübahisə etdi. Onlar məhkumları təhqir
edirdilər. Biz həmin şəxslərin kim olmasına aydınlıq gətirilməsini xahiş etdik.
Lakin hakim prosesi təxirə saldı".
Proses dekabrın 16-da davam etdiriləcək.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsasən,
Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslı hər biri 2 il 6 ay müddətinə
azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlı isə 1 il şərti cəzaya məhkum olunub.
O.M.