
Fövqəladə Hallar Nazirliyi Bakının iki rayonun İcra Hakimiyyətini məhkəməyə verdi
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə təhlükəsizliyə nəzarət Agentliyinin rəis müavini Elxan Əsədov bildirir ki, (FHN) Bakının iki rayonunun İcra Hakimiyyətini məhkəməyə verib. Onun sözlərinə görə, məhkəməyə müraciət edilməsinin səbəbi icra hakimiyyəti orqanlarının burdakı yaşayış binalarında yol verilən qanunsuz layihə dəyişdirmə işlərinin qarşısını almamasıdır.
E.Əsədov qeyd edib ki, FHN-in bilavasitə vəzifələrinə
daxil olmasa da, nazirlik ona edilən müraciətlər əsasında Bakının bir sıra
rayonlarında əvvəllər tikilmiş binaların texniki vəziyyətini, onların
təhlükəsizlik tələblərinə nə dərəcədə cavab verdiyini araşdırıb. Bu zaman bəzi
binalarda ciddi pozuntuların olduğu, eləcə də qanunsuz konstruksiya
dəyişikliklərinin aparıldığı və nəticədə binalarda təhlükəli vəziyyət yarandığı
bəlli olub: "Söhbət "Xruşşovka" adı ilə tanınan və iri panelli binalardan
gedir".
Ən çox belə hallar Bakının Xətai, Nəsimi, Yasamal və
Binəqədi rayonlarında qeydə alınıb. E.Əsədovun sözlərinə görə, nazirlik həmin
rayonların icra hakimiyyəti orqanlarını bu pozuntuların aradan qaldırılmasına
dəvət edib: "Bu pozuntular bəzi rayonlarda aradan qaldırılsa da, iki rayonda
aradan qaldırılmayıb. Nəticədə, iki rayonun İcra Hakimiyyəti tərəfimizdən
məhkəməyə verilib". Bununla belə, FHN rəsmisi məhkəməyə verilən rayon İcra
Hakimiyyətlərinin adlarını açıqlamayıb.
O.M.