20 il əvvəl SSRİ dövləti xəritədən silindi

20 il əvvəl SSRİ dövləti xəritədən silindi

8 Dekabr 2011 12:35
Bəyəndim (0) Bəyənmədim (0)
Onun yerinə MDB yarandı

Bu gün dünyanın ən böyük dövlətinin süqutunu rəsmiləşdirən Belovejsk sənədinin imzalanmasının 20 ili tamam olur. Bu tarix həmçinin Müstəqil Dövlətlər Birliyinin (MDB-nin) yaranması ilə əlamətdardır.

Корреспондент.net saytı məlumat verir ki, artıq 1990-cı ildə bütün İttifaq Respublikaları müstəqillik haqda qanunlarını təsdiq etmişdilər. Bu isə həmin qanunların SSRİ konstitusiyasından üstünlüyünü təmin edirdi.

SSRİ-nin dağılmamağı üçün 17 mart 1991-ci ildə eyni adlı referendum keçirilmişdi. O vaxt SSRİ-nin saxlanılması üçün 76,4 % əhali razılığını bildirmişdi. Həmin ilin yaz-yay mövsümündə Müstəqil Respublikalar İttifaqı adlı yeni qurumun sənədləri hazırlandı. 20 avqustda bu sənəd imzalanacaqdı. Lakin 19-21 avqust günü baş verən dövlət çevrilişinə cəhd sənədin imzalanmasını təxirə saldı.

1991-ci ilin sentyabrında SSRİ Litva, Latviya və Estoniyanın müstəqilliyini və İttifaq tərkibindən çıxdığını elan etdi. 1 dekabrda Ukraynanın müstəqilliyi haqda referendum keçirildi.

08 dekabr 1991-ci ildə Ukrayna və Rusiya prezidentləri Leonid Kravçuk və Boris Yeltsin, həmçinin Belarus Ali Sovetinin sədri Stanislav Şuşkeviç Belorusun "Беловежская пуща (Belovejsk meşəsi)" adlı ərazisində yerləşən Viskuli hökumət iqamətgahında üçtərəfli Razılıq Müqaviləsi imzaladılar. Bununla da SSRİ-nin fəaliyyəti dayandırılaraq, MDB-nin yarandığı elan olundu.

SSRİ-nin o vaxtkı prezidenti Mixail Qorbaçov bu qərarın konstitusiyaya zidd addım olduğunu bildirdi.

21 dekabr 1991-ci ildə Alma-Atada keçirilmiş zirvə toplantısında 15 sovet respublikasının 11-i (Litva, Latviya, Estoniya və Gürcüstandan başqa) MDB-yə qoşuldu. 1993-cü ildə Gürcüstan da bu quruma üzv oldu. Lakin 2008-ci ildə rus-gürcü müharibəsindən sonra qurumu tərk etdiyini bəyan etdi və 2009-cu ildə bu addımını rəsmiləşdirdi.

2005-ci ilin avqustunda Türkmənistan MDB həqiqi üzvlüyündən imtina edərək, müşahidəçi üzv qismində təşkilatda qaldığını bildirdi.

Xatırladaq ki, Rusiya Federasiyasının Baş naziri və prezidentliyə real namizəd olan Vladimir Putin 2015-ci ilə qədər SSRİ-ni Avrasiya İttifaqı adı altında bərpa edəcəyini bəyan edib.

Ulu öndər Heydər Əliyev deyib: "Müstəqilliyimiz əbədi, dönməz, sarsılmazdır!"

Sərvər Aslanov

O.M.