Azərbaycanın inzibati xəritəsində dəyişikliklər edilir

Azərbaycanın inzibati xəritəsində dəyişikliklər edilir

6 Dekabr 2011 19:21
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 6-da Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib. MM-in mətbuat xidmətindən verilən məlumata görə, iclasa əvvəlcə "İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsi barədə məlumat verilib. Sənəddə rayon mərkəzinə yaxın olan Mican, Qəzli və İsmayıllı kəndlərinin İsmayıllı şəhərinə birləşdirilməsi nəzərdə tutulduğu qeyd edilib.

"Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsində Kəpəz rayonunda yeni salınmış Cavadxan, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbələrinə status verilərək, dövlət reyestrinə daxil edilməsi məsələləri barədə iclas iştirakçılarına məlumat verilib.
"Xaçmaz rayonunun Niyazoba və İlxıçı Həsən Əfəndi bələdiyyələrinin tərkibində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən İlxıçı kəndi birinci bələdiyyənin tərkibindən çıxarılaraq İlxıçı Həsən Əfəndi bələdiyyəsinin tərkibinə keçirilməsi qərara alınıb.
Son olaraq "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanundakı bələdiyyələrin siyahısına dəyişikliklər edilərək Xaçmaz rayonunun Üryanoba kəndinin siyahıya daxil edilməsi məsələsi diqqətə çatdırılıb.
Sonda sənədlər plenar iclasa tövsiyə olunub.

O.M.