Rusiyada Baş Məhkəmə icraçısı katibəsini döydü

Rusiyada Baş Məhkəmə icraçısı katibəsini döydü

6 Dekabr 2011 16:37
Bəyəndim (0) Bəyənmədim (0)
Erməni katibə atası ilə birlikdə məhkəməyə müraciət etdi

Rusiya Federasiyası Krasnodar vilayəti Armavir şəhərinin Baş Məhkəmə icraçısı katibəsini işçilərinin gözü qarşısında döydüyü üçün cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə ki, katibə kəllə-beyin travması, psixoloji sarsıntı diaqnozu ilə şəhər xəstəxanasına yerləşdirilib. Rusiya mətbuatının məlumatına görə, Məhkəmə İcraçıları Dövlət Xidmətinin rəhbəri Aleksey Quryanov 21 yaşlı katibəsinə yaxınlaşaraq, tapşırdığı işin icrası ilə maraqlandı. Erməni katibə Emma Osipova işin yekun mərhələdə olduğunu və bir azdan möhürə təqdim ediləcəyini dedikdə, rəis əsəbiləşdi. Katibəni tənbəllikdə, etinasızlıqda günahlandıraraq, küçə ifadələri ilə söyməyə başladı. Sonra gözlənilmədən ona əl qaldıraraq, bir neçə dəfə başından zərbə vurdu. Hələ bu azmış kimi daha sonra o biri işçiləri sorğu-suala tutdu. Katibə ağır vəziyyətdə xəstəxanaya çatdırıldı.

Zərərçəkmişin atası Armen Osipov bildirir ki, günahkar nüfuzlu vəzifə sahibi olduğu üçün onunla mübarizə aparmaq olduqca çətin olacaq. Bununla belə, o, qızının hüquqlarını qoruyacağını vurğulayır.

R.F. İstintaq Komitəsinin Krasnodar vilayəti üzrə İdarəsindən mətbuata verilən məlumatda bildirilir ki, Aleksey Quryanov barəsində "Vəzifə səlahiyyətlərini aşma" maddəsi ilə cinayət işi açılıb. Bununla belə, o, hələ də vəzifəsini icra etməkdə davam edir. Məlumatda o da bildirilir ki, Baş Məhkəmə icraçısı katibənin xeyrinə ifadə vermiş əməkdaşlarını kütləvi şəkildə işdən qovur.

Sovet dövründə azərbaycanlı müdirlərin katibələri əsasən erməni qızları olurdu. Müəssisənin möhürü də, ürəyin açarı da ermənilərə əmanət edilirdi. Faciəvi sonluq hamıya bəllidir...

Sərvər Aslanov

O.M.