Milli Məclis 2012-ci il dövlət büdcəsinin layihəsini təsdiq etdi

Milli Məclis 2012-ci il dövlət büdcəsinin layihəsini təsdiq etdi

6 Dekabr 2011 13:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan parlamentinin növbəti plenar iclası işə başlayıb. Spiker Oqtay Əsədov bildirib ki, gündəlikdə 10 gün əvvəl hökumətə göndərilən Azərbaycanın 2012-ci il dövlət büdcəsi zərfinə daxil olan məsələlər durur.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, gələn ilin dövlət büdcəsinin layihəsi deputatlar tərəfindən verilən təkliflərdən sonra ətraflı müzakirə olunub: "Son iclasdan sonra hökumət burada müzakirə zamanı qaldırılan məsələlərlə bağlı araşdırmalar aparıb".
Milli Məclisin xərclər smetasının müzakirəsi zamanı təkliflərdə kommunikasiya üçün əlavə 671 min manat həcmində vəsaitin ayrılması məqbul hesab edilib. Ehtiyatda olan və xidmət edən hərbi qulluqçular üçün kirayə haqlarının artırılması məqsədi ilə əlavə olaraq 1,4 mln. manatın verilməsi məqbul hesab olunub. Deputatların təklifləri nəzərə alınmaqla QHT-ləirin inkişafı üçün vəsait 1 mln. manat artırılmaqla 3,7 mln. manata, bələdiyyələrə verilən dotasiyalar 1 mln. manat artırılmaqla 5 mln. manata çatdırılıb.
Ümumilikdə, büdcənin xərclər hissəsi 87,6 mln. manat və ya 0,5% artırılaraq 17,072 mlrd. manata çatdırılıb. Nəticədə, büdcə kəsiri 634 mln. manata çatıb. Sonda dəyişikliklər səsə qoyularaq təsdiqlənib.
Bununla yanaşı, parlament Milli Məclis və Hesablama Palatasının 2012-ci il üçün xərclər smetaları təsdiq edib.
Xatırladaq ki, 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 438 mln. manat, xərcləri 17 072 mln. manat, büdcə kəsiri 634 mln. manat həcmində proqnozlaşdırılır. Gələn ilki büdcənin gəlirlərinin ÜDM-ə nisbəti 37,8% səviyyəsində proqnozlaşdırılır ki, bu da 2011-ci ilə nisbətən 1 faiz bəndi çoxdur.
Gələn il Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5,310 mlrd. manat vəsait daxil olması gözlənilir ki, bunun 59,9%-i qeyri-neft sektorun payına düşür. Bununla yanaşı, Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə gəlirlərinin 1,2 mlrd. manat, Azərbaycan Dövlət Neft Fondundan transfertlərin 9,905 mlrd. manat olacağı proqnozlaşdırılır.
Büdcənin əsas xərclər istiqamətləri sırasında sənaye, tikinti və faydalı qazıntılara 5,794 mlrd. manat, dövlət əsaslı vəsait qoyuluşuna 5,774 mlrd. manat, sosial müdafiə və sosial təminata 1,782 mlrd. manat, təhsilə 1,576 mlrd. manat, müdafiəyə 1,381 mlrd. manat, ümumdövlət xidmətlərinə 1,198 mlrd. manat həcmində xərcləri qeyd etmək olar.
Dövlət büdcəsinin xərclərinin ÜDM-ə nisbəti 39,1% səviyyəsində proqnozlaşdırılır ki, bu da 2011-ci ilə nisbətən 1,5 faiz bəndi çoxdur.

O.M.