MSK sədri rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə rusiyadakı seçkiləri izləyib

MSK sədri rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə rusiyadakı seçkiləri izləyib

5 Dekabr 2011 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya mətbuatının məlumatına görə, Rusiya Dövlət Dumasına 6-cı dəfə keçirilən seçkilərdə 7 siyasi partiyadan 3 mindən artıq namizəd mübarizə aparıb. Seçkilərdə ölkə boyu 96 mindən çox seçki məntəqəsi fəaliyyət göstərib, təxminən 108 milyon Rusiya vətəndaşı öz seçimini edib.

Seçkiləri izləmək üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Moskva şəhərinin bir necə seçki dairəsində olublar. Müxtəlif seçki məntəqələrində olan Məzahir Pənahov bildirib ki, seçicilərin aktivliyi insanların seçkilərə olan marağının göstəricisidir.
Rusiyada keçirilən seçkiləri izləmək üçün Bakıdan gələn nümayəndə heyətinə MSK üzvləri, həmçinin katibliyin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rəşid Yusifbəyli daxildir.
Milli Məclisin deputatları Fuad Muradov, Elmira Axundova və Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi (MDB ) Parlament Assambleyasının müşahidəçiləri qismində səsvermənin gedişini izləyiblər.
Qeyd edək ki, Rusiyada vətəndaşlar ilk dəfə olaraq parlamentin dörd yox, beş il fəaliyyət göstərəcək növbəti çağırışının üzvlərini seçiblər. Rusiyanın Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, xaricdə 369 seçki məntəqəsi yaradılıb. Məlumatda həmçinin bildirilir ki, müasir Rusiyanın tarixində ilk dəfədir qeydə alınmış bütün siyasi partiyalar seçkilərdə iştirak edib. Seçkiləri Rusiyanın müxtəlif bölgələrində yüz mindən çox müşahidəçi izləyib.
O.M.