Maştağa sakinləri deputatlarını məhkəməyə verə bilərlər

Maştağa sakinləri deputatlarını məhkəməyə verə bilərlər

2 Dekabr 2011 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, "Azərittifaq"ın İdarə Heyətinin sədri Eldar Quliyev ötən gün "Gündəm xəbər" qəzetinə müsahibəsində Maştağada hər şeyin normal olduğunu, problemləri tədricən yoluna qoyulduğunu bildirib. Deputat eyni zamanda onu mətbuatda tənqid edən Maştağa sakini, "İnsan hüquq və azadlığı müdafiə" İctimai Birliyinin sədr müavini Tahir Poladzadənin ünvanına sərt ittihamlar səsləndirib. Hətta onu erməni əsilli olmaqda suclayıb. Deputatın sözlərinə görə, onun anasının adı Katyadır və o, Maştağa bələdiyyəsində xadimə işləyir. Dünən Yeni Müsavat qəzetinin müxbiri Maştağada Tahir Poladzadə ilə görüşdü. O, anası barəsində deyilənləri qəti şəkildə rədd etdi: "Bu sözləri adi adam desəydi üstündən keçmək olardı. Deyərdim savadsızdır, bilmir. Mən bilmirəm o, bu yanlışlığa neçə yol verib. Əlinin altında arxiv ola-ola. Tahir Poladzadə harada anadan olub onu Maştağa camaatı yaxşı bilir. Anamın adı Qətiyyət olub. Rus dövrü olduğundan onu sadəcə, Katya çağırıblar. Anamın anasının adı Pəri, atasının adı isə Polad olub və o, 2-ci Dünya müharibəsində Stalinqrad şəhəri uğrunda gedən döyüşdə həlak olub. Anam Qax rayonunun İngiloy kəndində anadan olub. Eldar müəllim istəsə, sorğu da göndərə bilər. Özüm isə 1961-ci ildə Maştağa qəsəbəsində 7 saylı doğum evində anadan olmuşam. Anasının adı Pəri, atasının adı Polad olan insan necə erməni ola bilər? Bu azmış kimi, Eldar müəllim bildirir ki, guya mən qəsəbədə yaşayanların sayını bilmirəm. Mən müsahibəmdə elə söz deməmişəm. Qoy Eldar müəllim həmin məqaləni bir də oxusun. Mən də yaxşı bilirəm ki, bu gün Maştağa qəsəbəsində qeydiyyatda 50 minə yaxın əhali var. Hazırda kənddə qeyri- rəsmi 80 min insan yaşayır. O ki qaldı mənim döyülməyimə, həqiqətən 5-6 nəfər məni döyüb. Amma səhəri gün onlar təkbətək mənimlə görüşə gəlmədilər. Əvəzində ataları gəlib qarşımda ağlayaraq onları bağışlamağımı istədi". Müsahibimiz daha sonra bildirdi: "Eldar müəllim müsahibəsində deyir ki, mən dəfələrlə polisə düşmüşəm. Bu belə deyil. Təkcə bir dəfə, 2005-ci ildə Milli Məclisə keçirilən seçkilər zamanı 10 gün həbsdə olmuşam. Onun da sifarişini Eldar Quliyev verib. O ki qaldı kəndin probleminə, həqiqətən biabırçılıqdır. Kənddə hamının işığa borcu var. Yollarımız pis gündədir. Kənddə ən böyük bəla işsizlikdir". İctimai birliyin sədri Rasim Əlizadə isə həmin müsahibəyə görə E. Quliyevi məhkəməyə verəcəklərini bildirdi: "Bu müsahibə bizdə ciddi narazılıq doğurub. Hamı yaxşı bilir ki, Bakı kəndlərində vəziyyət ürəkacan deyil. İşıq, qaz, su və yol problemi insanları boğaza yığıb. Verilən vədlərə baxmayaraq işsizlik problemi hələdə həll olunmayıb. Maştağa sakini Tahir Poladzadənin kiçik bir obyekti var. Ailəsini bununla dolandırır. Bir neçə gün öncə "Bakıelektrikşəbəkə"nin nümayəndələri onun işığını kəsiblər. Tahir Poladzadə problemi həll etmək üçün vaxt istəyib. O, idarəyə gedəndə isə işığı kəsilib. Ölkə başçısının bir neçə il öncə yığılmış borcların ləğv edilməsi ilə bağlı verdiyi qərara hər yerdə olduğu kimi, Maştağada da əməl edilmir. Qəsəbənin hər evinə köhnə borcların ödənilməsi ilə bağlı bildirişlər gəlir. Qəsəbənin deputatı isə özünü reklam etməklə məşğuldur. Maştağada heç bir sakin idarələrdə işləmir. Bütün dövlət qurumlarına ayrı-ayrı bölgələrdən şəxslər təyin olunub. Bu da insanların haqlı narazılığına səbəb olur. Bəzi küçələr var ki, gölməcə əlindən tərpənmək mümkün deyil. Aylarla zibil daşınmır.." Qəsəbədə olarkən E. Quliyevin nümayəndəsi Yaşar Məmmədovla da görüşdük. O, həftənin 6 gününü deputat tərəfindən tikilmiş ofisdə oturduğunu dedi: "Qapımız bütün günü seçicilərin üzünə açıqdır. Hər gün Maştağa, Zabrat və Nardaran kəndlərindən bizə seçicilər müraciət edir. Mümkün qədər onların şikayətlərini həll etməyə çalışırıq. Gücümüz çatmadığını isə Eldar müəllim həll edir. Ən çox şikayət işsizliklə bağlı olur. Bazar günü isə Eldar müəllim şikayətçiləri şəxsən qəbul edir. Eldar müəllimin iştirakı ilə tez-tez kənd ağsaqqalları ilə dəyirmi masa keçiririk. Bayramlarda imkansız və çoxuşaqlı ailələrə yardım paylanılır. Qəbulda icra nümayəndələri də iştirak edir".

O.M.