
Hər gün dünyada 7000 insan QİÇS-ə yoluxur
Bu gün ümumdünya QİÇS-lə mübarizə günüdür. Dünya il boyu həyəcan təbili çalan problemi gün boyu müzakirə edəcək. HİV və QİÇS dövrümüzün ən böyük bəlalarından biridir. Statistik rəqəmlər göstərir ki, QİÇS-dən ölənlərin sayı hətta terror qurbanlarından da çoxdur. Belə ki, yaxın illər ərzində 60 milyon insan HİV və ya QİÇS-ə yoluxub ki, onlardan 16 milyonu uşaqlardır. Həmin xəstələrdən 25 milyonu artıq dünyasını dəyişib. Hər gün dünya üzrə 7 min insan bu ölümcül virusa yoluxur ki, onlardan da mini uşaqlardır.
2011-ci ilin iyununda BMT Baş Assambleyasının 65-ci sessiyasında "HİV/QİÇS haqda siyasi deklarasiya" imzalanmışdır. Sənəd 2015-ci ilə qədər xəstəliyin nəzarət altına alınmasını və onunla effektiv mübarizə yollarını əks etdirir.
Ölümcül virusla mübarizə hər bir insanın özündən başlamalıdır. Gəlin düşünməyək ki, HİV və ya QİÇS haradasa uzaqlardadır. Axı bu xəstəliyə yoluxanlar da bir zamanlar sağlam olublar. Onlar da kiminsə qardaşı, bacısı, anası, atası, övladı və ya qohumudur. Deməli, təhlükə hər bir insanın yaxınlığındadır. Ondan sığortalanmağın ən doğru yolu maariflənmək və ehtiyatlı olmaqdır. Gəlin unutmayaq ki, Azərbaycanda rəsmi qeydiyyatda 3135-dən çox QİÇS xəstəsi var. Rəsmi rəqəmlər isə həmişə real rəqəmlərin cüzi bir hissəsini təşkil edir...
Fuad Borçalı
O.M.