
Polis orqanlarında orta rəis heyəti vəzifələrinə müsabiqə keçirilir
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məlumat verir ki, polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edilib. Müsabiqəyə cinayət-axtarış üzrə əməliyyat müvəkkili, təhqiqatçı, polis sahə inspektoru, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifələri çıxarılıb. Sonuncu vəzifəni müəllimlər, qalanlarını isə hüquqşünaslar tuta bilər.
Bu vəzifələri tutmaq üçün müsabiqə TQDK tərəfindən təşkil
olunan test imtahanı və müsahibədən ibarətdir. İmtahanda suallar daxili işlər
orqanlarının fəaliyyətinə aid qanunvericiliyə, insan hüquq və azadlıqlarına
dair beynəlxalq aktlara, eləcə də məntiqi məsələlərə aid olacaq. İmtahana yaşı
30-dan çox, boyu 165 sm-dən (qadınlar üçün 160 sm-dən) az olmayan namizədlər
qatıla bilər.
Sadalanan vəzifələr Astara, Ağsu, Ağdam, Cəlilabad,
Gədəbəy, Qobustan, Lerik, Masallı, Şəki, Zaqatala, Zərdab, Biləsuvar, Nizami
(Gəncə), Xaçmaz, Qax, Lerik, Sabirabad, Kürdəmir, Qusar, Lənkəran Laçın,
Şabran, Yardımlı, Zəngilan şəhər və rayonları üçün nəzərdə tutulub.
Yeri gəlmişkən, müsabiqəyə çıxarılan vəzifələr arasında
Bakı şəhərinin polis orqanları yoxdur. Həmçinin elanda da bildirilir ki,
müsabiqə qalibləri göstərilən vəzifələri tutandan sonra onların xidməti iş
yerləri Bakı, Sumqayıt və Xırdalana dəyişdirilməyəcək.
Müsabiqəyə qatılmaq istəyənlər rayonlarda polis
şöbələrinə, Bakıda isə DİN-ə müraciət etməlidirlər. Namizədlərin fiziki
hazırlığı daxili işlər orqanı əməkdaşları üçün nəzərdə tutulan normalara cavab
verməlidir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Hafiz Əhmədov
O.M.