
"200 mindən çox müəllimin təkmilləşməsinə, yenidən hazırlanmasına ehtiyac var"
Azərbaycan Müəllimlər İnstitutunda Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Müəllim hazırlığının müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Konfransda müəllim hazırlığı sahəsində yeni təlim texnologiyalarının tətbiqinin əhəmiyyəti, əldə edilmiş uğurlar və bu sahədə dünya təcrübəsində əldə edilmiş nailiyyətlərdən istifadə problemləri müzakirə olunur. Konfransa Fransanın, Pakistanın, Gürcüstanın, Rusiyanın, Belarus, Ukraynanın, Türkiyənin, Misirin tanınmış elm adamları qatılıb.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib
ki, iki gün ərzində keçiriləcək konfransda müəllim hazırlığı, müəllimlərin
ixtisaslarının artırılması, təkmilləşdirilməsi ilə bağlı müasir tendensiyalar,
problemlər araşdırılacaq və gələcək perspektivlər müəyyənləşdiriləcək: "Bu, çox
vacib bir tədbirdir. Çünki bu gün Azərbaycanda işləyən 200 mindən çox müəllimin
təkmilləşməsinə, yenidən hazırlanmasına çox böyük ehtiyac var. Ən əsası odur
ki, biz bu işi hansı yolla aparmalıyıq. Biz digər dövlətlərin təcrübəsi ilə
tanış olub, Azərbaycanın mentalitetinə və təhsil ənənələrinə uyğun bir sistem
qurmaq fikrindəyik. Hər il Azərbaycanın ali məktəblərini on minlərlə müəllim
qurtarır. Bu müəllimlər Azərbaycanın bölgələrinə, rayonlarına işləməyə
göndərilir. Onların hazırlığı da bizim diqqət mərkəzində olmalıdır. Bu
istiqamətdə də konfransda fikir mübadiləsi aparılacaq".
M. Mərdanov qeyd edib ki, ölkədə müəllim hazırlığı ilə
bağlı çoxlu işlərin görülməsinə ehtiyac var: "Ölkə prezidentinin rəhbərliyi ilə
bu sahədə çox ciddi addımlar atılıb. Son illərdə ibtidai sinif müəllimlərinin
hazırlığı ilə bağlı çox ciddi işlər görülüb. Təhsilin həmin pilləsinin dövlət
standartları, kurrikulumları və yeni fənləri hazırlanıb qəbul olunub. 4 ildir
biz pilot olaraq seçilmiş 3 universitetdə - Azərbaycan Müəllimlər İnstitutunda,
Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Universitetində
bununla bağlı iş aparırıq. Dünyada bu sahədə təcrübəni öyrənmək üçün
ekspertləri ezam eləmişik. Ölkədə bununla bağlı "Təhsilin əsasları" adlı yeni
elektron dərs vəsaitləri hazırlanıb. Hazırda ekspertlər bu dərsliyi
qiymətləndirməklə məşğuldurlar. Gələn dərs ilinin əvvəlindən bu vəsaitdən dərslik
kimi istifadə ediləcək".
Təhsil millətin günəşidir. Onun işığı ilə parlaq gələcəyə doğru gedirik...
Hafiz Əhmədov
O.M.