
Azərbaycan Türkiyəyə 1 mln.700 min dəyərində yardım edib
Azərbaycan Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyevin açıqlamasına görə, Azərbaycanın Türkiyəyə göndərdiyi 40 avtomobildən ibarət yardım karvanı oktyabrın 27-si gecə saatlarında Bakıdan yola düşüb. 40 iritonnajlı avtomobildən ibarət olan maşın karvanının İran ərazisindən keçməklə Türkiyəyə yetişəcəyi nəzərdə tutulub. Avtomaşınların İranla sərhəd ərazisində ləngidilməməsi və vaxtında fəlakət zonasına çatdırılması üçün artıq həmin dövlətin müvafiq qurumları ilə razılıq da əldə olunub. Nazir müavini həmçinin növbəti yardımın nədən ibarət olduğunu da açıqlayıb. Onun sözlərinə görə, yardım maşınlarında Türkiyəyə 1000 ədəd çadır, 2 min adyal, 40 ədəd transformator və 40 mətbəx ləvazimatı aparılır.
Zəlzələnin baş verdiyi ilk gündən qardaş ölkəyə edilən yardıma toxunan nazir
müavini onu da bildirib ki, indiyəcən artıq Türkiyəyə 250 çadır, 700 ədəd səhra
yataq dəsti, 3 min ədəd adyal, 2 min ədəd yataq dəsti və 2 səhra mətbəxinin
göndərildiyini də vurğulayıb. Onun sözlərinə görə, nazirliyin 213 nəfərdən
ibarət xilasediciləri də həmin ölkədən olan xilasedicilərlə bərabər çalışır və
artıq dağıntılar altından bir çox insan sağ olaraq çıxarılıb.
"Bizim xilasedicilər çadır şəhərciyi salıb və həmin çadır evlər evsiz qalan
vətəndaşlara veriləcək. Bizdə olan məlumata əsasən, bu günədək
xilasedicilərimiz uçqunlar altından 10 insanı və 41 cəsədi çıxarmağa nail olub.
Qeyd edim ki, oktyabrın 23-dən bu günə qədər Türkiyəyə göndərilmiş yardımların
ümumi məbləği 1 mln. 700 min ABŞ dolları təşkil edir".
Hazırkı avtomobil karvanı ilə 106 nəfər fiziki qüvvə yollanıb və gələcəkdə də
zərurət yaranarsa, Türkiyənin fəlakət zonasına bu kimi yardımların davam
etdiriləcəyi də mümkündür. Bunu da nazirlik rəsmisi öz sözlərində bildirib.