
Sürücülərin ödədikləri cərimələr DYP-nin hesabına oturmadı
Bu gün bir qrup sürücü Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin qarşısına toplaşaraq etiraz ediblər. Şikayətçilərin ANS-in "qaynar xətt"inə verdikləri məlumata görə, onların şikayətinə səbəb ödədikləri cərimənin kompüterə oturmaması və onların yol polisi tərəfindən saxlanılması olub.
Samir Həsənli adlı sürücünün sözlərinə görə, təxminin 2 ay bundan qabaq yol
hərəkətini pozub və polis tərəfindən cərimələnib. Ona cəriməni ödəmək üçün
blank verilib. O da banka əsasən cəriməni ödəyib.
"Dünən Bakı-Sumqayıt yolunda polis məni saxladı. Məlum oldu ki, idarə etdiyim
"VAZ-2106" markalı avtomobil axtarışdadır. Səbəbi isə cəriməni ödəməməyim
göstərilib. Əlimdə çek olsa da, mənə inanan olmadı və maşını cərimə
meydançasına apardılar", - deyə Samir Həsənli şikayətləndi.
İndi 3 saata yaxındır polis idarəsində növbədə dayanan sürücü cəriməni ödədiyi
halda ondan əlavə pul tələb edildiyini bildirdi.
Baş Dövlət Yol Polisi İdarəsindən faktla bağlı bildirdilər ki, məsələ heç də
sürücülərin dediyi kimi deyil. Kapitan Samir Cəbrayılovun sözlərinə görə, yol
polisi cəriməni vaxtında ödəməyən sürücülərin avtomobillərini saxlayıb. Sadəcə
olaraq, bəziləri cəriməni vaxtında ödəsə də, bu texniki səhv ucbatından
kompüterə düşməyib. İndi bu yoxlanılır. Sürücülərin uzun müddət növbədə
dayanması isə şikayətçilərin çox olması ilə əlaqədardır. Qeyd edək ki, sonda yol polisi
bildirdi ki, bütün anlaşılmazlıq aradan qaldırılacaq və heç kimin ödədiyi
cərimə pulu batmayacaq.
Qeyd edək ki, iyulun 1-dən qüvvəyə minən "Yol hərəkəti haqqında qanun"a edilən
əlavə və dəyişikliklərdə (qanunun 85-1-ci maddəsinin 9-cu bəndi) qeyd olunur
ki, inzibati xəta törətmiş şəxs müvafiq məbləği banka ödədikdə, bu barədə ona
bank tərəfindən qəbz verilir. Qaydalara görə, ödənişi qəbul edən bank cərimə
bildirişinin nömrəsi əsasında müvafiq ödənişin edildiyi barədə 1 iş günü
ərzində yol polisinə məlumat verir. Qaydalara görə. inzibati xəta törətmiş
sürücü cərimənin banka ödənilməsi ilə bağlı yol polisini
məlumatlandırmamalıdır. Yeni dəyişikliklərə görə, inzibati xəta törətmiş şəxsin
plastik kart vasitəsilə cəriməni ödəmək imkanı olmadıqda, ona cərimənin bank
vasitəsilə ödənilməsi üçün bildiriş verilir və bu barədə protokolda qeyd
aparılır. Cərimə bildirişi xüsusi hazırlanmış və Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarına nömrə üzrə ciddi hesabatla
verilən blank formasında tərtib edilir.
Nədənsə bizdə Dövlət Yol Polisi "Dövlət Cərimə Polisi" funksiyasını yerinə yetirir...
Sərvər Aslanov
O.M.