
Biz artıq 9,2 mln. nəfərdən çoxuq
Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 90 min nəfər və ya 1% artaraq 2011-ci il oktyabr ayının 1-nə 9201,1 min nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə,
əhalinin sıxlığı 1 kv. km-ə 106 nəfər olub. Əhalinin 49,6%-ni kişilər, 50,4%-ni
qadınlar təşkil edib, 22%-i 0-14 yaşda, 72%-i 15-64 yaşda, 6%-i 65 və yuxarı
yaşda olanlardır. Hazırda hər 1 000 nəfər kişiyə 1 017 nəfər qadın düşür. Cari
ilin 9 ayı ərzində 88,8 min körpə doğulub və ötən ilin müvafiq dövrü ilə
müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,1-dən
19-dək artıb. Doğulanların 54%-i oğlanlar, 46%-i isə qızlar olub. Cari ildə
doğulan körpələr üçün 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün
76,2 yaş ömür uzunluğu gözlənilir.
Ölkədə əhalinin təkrar istehsalı təmin olunaraq, uşaq
doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə orta hesabla 2,3 doğulmuş
uşaq düşür.
Doqquz ay ərzində ölkədə 40,2 min ölüm halı qeydə alınıb
və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə hesabı
ilə ölümün səviyyəsi 6,1-dən 5,9-a qədər azalıb.
Qeyd edək ki, ilin əvvəlindən Azərbaycana yaşamaq üçün 1,6
min nəfər gəlib və 0,4 min nəfər ölkədən gedib.
Ümidvarıq ki, artan kəmiyyət özündə yüksək keyfiyyəti əks etdirəcək...
Hafiz Əhmədov
O.M.