
Azərbaycan Respublikasının keçmiş prezidentləri haqqında Konstitusiya qanunu birinci oxunuşda qəbul edilib
Milli Məclisdə "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu" layihəsi müzakirə edilib. İclasda çıxış edən deputatlar Zahid Oruc, Fəzail Ağamalı və Elman Məmmədov bu qanunun qəbulunun əleyhinə çıxıblar. Onların hər üçü bunu A. Mütəllibovun hakimiyyətdə olduğu dövrdə çoxsaylı cinayətlər törətməsi və qanunun ona şamil edilməsinin yolverilməzliyi ilə əsaslandırıblar. Sədr Oqtay Əsədov Elman Məmmədova cavab olaraq bildirib ki, əgər A. Mütəllibov prezident səlahiyyətlərini, vəzifələrini yerinə yetirə bilsəydi, istefa verməzdi və 5 il vəzifədə qalardı: "Kimin qəbul edib etməməyindən asılı olmayaraq fakt budur ki, o, prezident olub".
Xanhüseyn Kazımlı qanunun bütün müasir tələblərə cavab
verdiyini və qəbulunun vacibliyini vurğulayıb. Elmira Axundova qeyd edib ki,
qanundakı bir çox mürəkkəb suallara Konstitusiya Məhkəməsi rəy verməlidir və
sənəd hər iki eks-prezidentə - Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və onların
ailələrinə şamil olunmalıdır. O, qanunun adının "Fəaliyyətdə olmayan
prezidentlər" olaraq dəyişdirilməsini təklif edib.
İqbal Ağazadə deyib ki, bu qanun layihəsinin qəbulu ölkədə
barış mühitinin yaradılmasında mühüm rol oynaya bilər. Eyni zamanda deputat bu
qanunun hər üç sabiq prezidentə şamil olunmasının vacibliyini vurğulayıb və
həmkarlarını qanunun qəbuluna səs verməyə çağırıb.
Musa Quliyevin fikrincə, qanunun A. Mütəllibova şamil
olunması üçün Konstitusiya Məhkəməsinin rəyi lazımdır.
Qüdrət Həsənquliyev bəyan edib ki, eks-prezidentlərə
indiki prezidentin aldığı maaşın 80%-i həcmində təqaüd verilməlidir: "Qanun elə
yazılmalıdır ki, Konstitusiya Məhkəməsinin şərhinə ehtiyac qalmasın. Mütəllibov
çox ağır cinayətlərdə - həm 20 Yanvar, həm də Xocalı faciəsində ittiham olunur.
Buna baxmayaraq, mən bu layihənin qəbuluna səs verəcəyəm. Bu qanun Əbülfəz
Elçibəyə şamil olunmalıdır. Burada mühafizəçilərin silah gəzdirməsi və
eks-prezidentin evinin müvafiq orqanlar tərəfindən mühafizəsi məsələsi də
əksini tapmalıdır".
Q. Həsənquliyev müxalifətin 2 aprel aksiyasında həbs
olunanların, o cümlədən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif
Hacılının həbsdən azad olunmasını da istəyib.
Əli Məsimli də qanun layihəsini müasir sənəd adlandıraraq
bu layihəyə səs verəcəyini açıqlayıb.
Sabir Rüstəmxanlı bildirib ki, bu gün Azərbaycan üçün bu
qanun önəm daşıyır: "Bu qanun nə qədər humanist mahiyyət daşısa, cəmiyyətimiz
üçün o qədər önəmlidir. O dövrdə müharibə gedirdi, ölkədə daxili qarşıdurma
vardı və səhvlər qaçılmaz idi. İyirmi il ölkədən kənarda mühacirət həyatı
yaşamaq bir cəzadır və düşünürəm ki, Ayaz Mütəllibov da bundan nəticə çıxarıb.
Qanun həm Elçibəyə, həm də Mütəllibova şamil olunmalıdır".
Məlahət İbrahimqızı layihəyə Konstitusiya Məhkəməsinin rəy
verməsini istəyən həmkarlarına qoşulub. Aydın Mirzəzadə isə qeyd edib ki, qanun
layihəsi hüquqa söykənərək yazılıb və səslənən sualların hamısına cavab var.
Çingiz Qənizadə hesab edir ki, qanun siyasi gərginliyi ortadan götürəcək: "Bu
addımı dövlət atmalı idi və atdı. Çox təəssüf edirəm ki, burada adlar hallanır,
keçmiş prezidentlər müzakirə obyekti olur. Düşünürəm ki, biz geriyə
baxmamalıyıq. Mütəllibov və Elçibəy Konstitusiyanın 104-cü maddəsi ilə - yəni
istefa verərək vəzifədən gediblər. Onlara bu qanun şamil olunur. İndiyədək
Azərbaycanda impiçment yolu ilə prezident vəzifəsindən kənarlaşdırılmayıb".
Asim Mollazadə Əbülfəz Elçibəyə eks-prezident statusunun
verilməsini müsbət hal sayıb. Fərəc Quliyev sənədi islahatçı qanun adlandırıb.
Milli Məclisin sədri müavini Valeh Ələsgərov bəyan edib
ki, layihə Azərbaycanın Konstitusiyasına uyğun hazırlanıb. O, zala müraciət
edərək deyib ki, kimin irad və təklifi varsa, yazılı şəkildə Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinə təqdim etsin.
Komitə sədri Əli Hüseynli isə çıxışında vurğulayıb ki,
tarixi keçmiş və siyasi məsələlərlə bağlı spekulyasiya edilməməlidir: "Bu
qanunun qəbulu o demək deyil ki, əvvəlki tarixi proseslərə, siyasi baxışlarımıza
münasibət dəyişir. Bizim iradəmiz çatır ki, əvvəllər hərəkətlərinə və
hərəkətsizliyinə görə məhkum olunmuş insanlara fərqli münasibət sərgiləyək. Bu
qanunun rəy üçün Konstitusiya Məhkəməsinə göndərilməsi barədə fikirlər məni
təəccübləndirdi. Parlamentin hazırladığı hər hansı qanunun rəy almaq üçün
Konstitusiya Məhkəməsinə göndərilməsi prosedurası yoxdur. Bu qanun üzərində
Konstitusiya hüququ üzrə ixtisaslaşmış ən tanınmış mütəxəssislər çalışıb".
Sualları cavablandıran Ə. Hüseynli bildirib ki, əvvəllər
prezident olmuş şəxslərin heç biri impiçment qaydası ilə vəzifədən
uzaqlaşdırılmayıb. Qanunun haqqında cinayət təqibi elan edilmiş şəxslərə şamil
olunması məsələsinə aydınlıq gətirən Ə. Hüseynlinin sözlərinə görə, bu sənəd
Konstitusiya Qanunudur və cinayət təqibinə xitam vermək hüququna malikdir.
Qanun layihəsi səsə qoyularaq 110 nəfər lehinə, 3 nəfər
əleyhinə, 1 nəfər bitərəf olmaqla birinci oxunuşda qəbul edilib. 1 deputat səs
verməyib.
Layihə 6 aydan sonra ikinci oxunuşda müzakirəyə
çıxarılacaq.
Azərbaycan tarixinin müəyyən səhifələrini yazmış insanlar bu və ya digər şəkildə tarixdə qalacaqlar...
Sərvər Aslanov
O.M.