
Türkiyə İsrailin yardım təklifindən imtina etdi
CNN Türk-ün yerli rəsmilərə istinadən verdiyi məlumata görə, humanitar və xilasetmə heyətindən ibarət yardım təklif etmiş ölkələrin Azərbaycan, İsrail, ABŞ, İngiltərə, Almaniya, Polşa, Macarıstan, İsveçrə, Ermənistan, Yunanıstan və Avropa Birliyi olduğu bildirilir. Rəsmi Tehran da oxşar müraciət edərək, yardım göndərməyə hazır olduğunu deyib. ABŞ-ın Türkiyədəki səlahiyyətli səfiri təbii fəlakətlə bağlı yazılı bəyanat verərək, zəlzələ qurbanlarına başsağlığını ifadə edib. Səfir Fransiz Rikkiardone yardım məqsədilə əlindən gələn yardımı əsirgəməyəcəyinə söz verib.
NATO baş katibi Anders Foq Rasmussen yazılı bəyanatında Vanda çoxlu sayda insan
həyatına son qoymuş və böyük dağıntılara bais olmuş zəlzələ xəbərini dərin
üzüntü ilə qarşıladığını ifadə edib, ehtiyac olarsa, qurumun ölkəyə yardım
göndərəcəyini bildirib.
Son vaxtlar Türkiyə ilə münasibətlərin pisləşməsinə baxmayaraq, İsrail hökuməti
də Türkiyəyə hadisə ilə bağlı dəstək olduğunu bildirib. İsrailin Türkiyədəki
səfirliyi İsrailin xarici işlər naziri Aviqdor Liberman adından ölkə
rəhbərliyinə başsağlığı məktubu yollayıb. Məktubda İsrailin Türkiyəyə hər növ
yardım göndərməyə hazır olduğu bildirilir. Ancaq Türkiyə İsrailin yardımından
imtina edib. Bu barədə İsrailin müdafiə naziri Ehud Barak İsrail telekanalına
müsahibəsində bildirib. "Bizdə belə bir təəssürat yarandı ki, Türkiyə
tərəfinə İsrailin köməyi lazım deyil. Amma əgər fikirlərini dəyişsələr və əlavə
yardıma ehtiyacları olsa, bizə həmişə müraciət edə bilərlər", deyə nazir
qeyd edib.
Reuters agentliyinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyanın başsağlığı məktubunu və yardım təklifini qəbul edib. Baş nazir ehtiyac yaranacağı təqdirdə, Ermənistana müraciət edəcəklərini bildirib.
Təbii fəlakətin milləti, dini, sosial mənsubiyyəti olmaz. O, ümumən insanlığın düşmənidir...
Sərvər Aslanov
O.M.