
FHN fəlakət bölgəsinə 3-cü yardımını göndərdi
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, nazirlik Türkiyənin Van bölgəsində baş vermiş zəlzələ ilə əlaqədar fəlakət bölgəsinə 3-cü dəfə yardım göndərib. Yardım təyyarəsi bu gün saat 11.00-da yola salınır. Həmin təyyarədə müvafiq xilasetmə avadanlıqları və vasitələri ilə təmin edilmiş FHN-in 46 xilasedicisi və zəlzələdən zərərçəkmiş əhali üçün nəzərdə tutulmuş ilkin tələbat əşyaları var.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin
göstərişi ilə FHN Türkiyənin Van şəhərində baş vermiş zəlzələ ilə əlaqədar
fəlakət bölgəsinə iki yardım təyyarəsi yola salıb.
Qeyd edək ki, oktyabrın 23-də Bakı vaxtı ilə saat 15.41-də
episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş
verib. Yeraltı təkanlar Diyarbakır, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl,
Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni
zamanda dağıntılar altında insanların qaldığı bildirilir. Bu saata olan
məlumata görə, 217 ölən və 1032 yaralanan var.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji
Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycan Respublikası
Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində
3.5-3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.
Dərd insanları birləşdirdiyi qədər heç
nə birləşdirə bilməz...
Hafiz Əhmədov
O.M.