Gilan "Yeni Müsavat"dan 1 milyon manat təzminat istədi

Gilan "Yeni Müsavat"dan 1 milyon manat təzminat istədi

21 Oktyabr 2011 14:08
Bəyəndim (0) Bəyənmədim (0)
Redaksiya bunu boks qalmaqalı ilə əlaqələndirir

"Gilan" konserv zavodu MMC "Yeni Müsavat" qəzetini məhkəməyə verib. Bu barədə qəzetin redaksiyasına rəsmi bildiriş daxil olub. "Yeni Müsavat" rəhbərliyindən verilən məlumata görə, qəzetə qarşı iddia "Jalə" şirələri ilə bağlıdır. Belə ki, 2009-cu ilin aprelində (2 il 6 ay əvvəl) "Yeni Müsavat"da dərc olunmuş "JALƏ 100 FAİZ TƏHLÜKƏLİ ŞİRƏDİR" başlıqlı yazı qəzetin məhkəməyə verilməsinə səbəb olub. "Gilan" zavodu bunun və digər uyğun materialların zavodun işgüzar nüfuzuna xələl gətirdiyini bildirir. Məhkəmə iddiası qaldıran tərəf - "Gilan" rəhbərliyi "Yeni Müsavat"dan 1 milyon manat məbləğində təzminat tələb edir. "Yeni Müsavat" rəhbərliyi isə iddia edir ki, bu, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adının boksla bağlı beynəlxalq qalmaqalda hallandırılması və bu hadisənin ilk dəfə "Yeni Müsavat"da dərc olunması ilə əlaqədardır. Qəzet rəsmiləri məlum xəbərə başqa bir xəbərlə təkzib verdiklərini də bildirirlər.

O.M.