
İran sərhədçiləri araşdırma aparmaq üçün Azərbaycana gələcəklər
İran sərhəd polisi oktyabrın 19-da dövlət sərhədində İran əsgərinin ölümü ilə nəticələnən insidentin araşdırılması məqsədi ilə Azərbaycana heyət göndərəcək. İran mətbuatının yaydığı məlumata görə, bu barədə İran Sərhəd Polisinin Ərdəbil vilayəti istiqamətindəki qüvvələrinin komandanı polkovnik Seyid Müctəba Musəvi bildirib. Polkovnik heyətin araşdırma aparmaq üçün yaxın günlərdə Azərbaycana gedəcəyini vurğulayıb. Hadisə ilə bağlı açıqlama verən M. Musəvinin sözlərinə görə, insident Parsabad bölgəsinin Firuzabad kəndi istiqamətində baş verib. İran Sərhəd Polisinin əsgəri silahsız şəkildə, yanlışlıqla Azərbaycan ərazisinə daxil olub. Azərbaycan sərhədçilərinin açdığı atəş nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, oktyabrın 19-da saat 14.00 radələrində
Biləsuvar rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının
xidməti ərazisində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət
sərhədinin pozulması müşahidə edilib. Bunun qarşısının alınması məqsədi ilə
əraziyə əlavə sərhəd naryadlar çıxarılıb və axtarış təşkil olunub. Nəticədə
dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi
geyimli sərhəd pozucusu aşkarlanıb, xəbərdarlıq və qanuni tələblərə tabe
olmaqdan imtina edərək sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq
olunub. Açılmış atəş nəticəsində sərhəd pozucusu yaralanıb, hadisə yerində
ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya təxliyə edilib. Lakin
sərhəd pozucusu aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib.
Baş vermiş hadisə barəsində İran tərəfi dərhal
məlumatlandırılıb. İran dövləti Azərbaycana rəsmi etiraz məktubunu çatdırıb.
Azərbaycan-İran sərhədində öldürülən sərhəd pozucusunun
İran İslam Respublikası Sərhəd Qoşunlarının hərbçisi, 20 yaşlı Əkbər Həsənpur
olduğu məlum olub. Onun meyiti oktyabrın 20-də qarşı tərəfə təhvil verilib.
Bir zamanlar o yerlərdə heç sərhəd
olmayıb. Vahid Azərbaycan Rusiya ilə İran arasında bölünənə qədər...
Hafiz Əhmədov
O.M.