
Korrupsiyaya şərait yaradan bir neçə hakim ciddi cəzalandırıldı
Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, MHŞ-nin iclasında ölkə prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqları çərçivəsində məhkəmələrin iş şəraitinin və təminatının yaxşılaşdırılması, hakimlərin seçimi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üzrə tədbirlər müzakirə edilib. Şura sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) hesabatında ölkəmizdə məhkəmə islahatlarına göstərilən diqqətin, o cümlədən informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində səylərin yüksək dəyərləndirilməsi, hakimlərin seçimi üzrə Azərbaycanın müsbət təcrübəsinə maraq göstərilməsi bildirilib, habelə əldə olunmuş nailiyyətləri nəzərə alan Dünya Bankı tərəfindən ədliyyə və məhkəmə sisteminin inkişafı məqsədilə ölkəmizə ən güzəştli şərtlərlə kreditin ayrılması vurğulanıb.
Qeyd edilib ki, Dünya Bankı ilə birgə həyata keçirilən
"Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi" çərçivəsində 20-dən çox yeni
məhkəmə binaları və "Ədalət Sarayı" komplekslərinin layihələri hazırlanıb, Bakı
şəhərinin Yasamal, Gəncə şəhərinin Nizami, habelə Gədəbəy və Oğuz rayon
məhkəmələri üçün yeni binaların inşasının artıq yaxın vaxtlarda başa
çatdırılması nəzərdə tutulub.
Məhkəmələrin yüksək statuslarına uyğun inşa edilən bu
binalarda ən müasir beynəlxalq tələblərə cavab verən iş prosesinin təşkilinə,
vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi
diqqət yetirilib.
Həmçinin layihəyə uyğun olaraq Konstitusiya və Ali
Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi müasir informasiya və
kommunikasiya texnologiyaları ilə təmin olunub, vətəndaşların məhkəmələrə
müraciət imkanlarının daha da asanlaşdırılması və hüquqi xidmətin
yaxşılaşdırılması məqsədilə bütün məhkəmələri əhatə edən vahid internet portal
yaradılıb. Şəffaflığın təmin edilməsi məqsədilə vətəndaşların açıq istifadəsinə
veriləcək internet portalda məhkəmələrin fəaliyyəti, o cümlədən baxılan işlər
və hakimlər barədə bütün zəruri məlumatlar öz əksini tapacaq, elektron
müraciət, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək
imkanı yaradılacaq, məhkəmə qərarlarının elektron informasiya bazası
formalaşdırılacaq. Dünya Bankının nəzarət missiyaları tərəfindən aparılmış
mütəmadi monitorinqlər nəticəsində layihə üzrə yüksək nailiyyətlərin əldə
olunması qənaətinə gəlinərək onun əlavə maliyyələşdirilməsi qərara alınıb,
ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə islahatına hər cür dəstək niyyəti
bildirilib.
İclasda həmçinin, hakimliyə namizədlərin seçilməsi prosesi
ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilib. Qeyd olunub ki,
hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, ən müasir beynəlxalq
tələblər səviyyəsində seçimi nəticəsində son illər 2200 namizəd sırasından 235
nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək müvafiq hakim vəzifələrinə təyin
ediliblər. Həmçinin hakim kadrlarına olan ehtiyacla bağlı namizədliyini irəli
sürmüş 414 nəfər hüquqşünasla ötən ay bərabər şəraitdə, vahid zalda test imtahanı
keçirilib, onun bütün mərhələləri, o cümlədən sualların seçilməsi və imtahan
nəticələrinin yoxlanılması namizədlərin qarşısında təşkil olunub və kadr seçimi
tarixində ilk dəfə olaraq bütün bu proseduralar "on-line" rejimində internet
vasitəsilə birbaşa yayımlanıb. İmtahan çoxsaylı yerli və beynəlxalq
müşahidəçilər tərəfindən izlənilərək yüksək dəyərləndirilib. İclasda hakimliyə
namizədlərin seçimi prosesinin növbəti mərhələlərinin təşkilati məsələlərinə
toxunulub, imtahanların tam şəffaf və obyektiv keçirilməsinin, ən layiqli
hüquqşünasların seçilərək hakim vəzifələrinə təyin edilməsinin vacibliyi
vurğulanıb.
Eyni zamanda hakimlər barədə intizam icraatlarına
baxılaraq fəaliyyətlərində ciddi qanun pozuntuları, süründürməçilik və digər
korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Nizami
rayon məhkəməsinin hakimi Ziya Əliyevə töhmət verilib, Bakı şəhəri Yasamal
rayon məhkəməsinin hakimi Tahir İsmayılova və Hacıqabul rayon məhkəməsinin
hakimi Malik Qarayevə irad tutulub, qanunvericiliyin pozulması halları ilə
bağlı 4 hakim barədə intizam icraatları başlanılıb, bir sıra kadr məsələlərinə
baxılıb.
Qanun hər şeydən alidir, hətta onu yazanlardan belə...
Sərvər Aslanov
O.M.