
M.Ş-nın sədri və redaktorlar "Xural"ın əmlakının müsadirə olunmasını birmənalı qarşılamadılar
Azərbaycan Mətbuat Şurası sədri Əflatun Amaşov adı Şuranın "qara siyahısı"na daxil edilmiş "Xural" qəzetinin əmlakının Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş idarəsi tərəfindən müsadirə edilməsinə münasibətini açıqlayıb. O, bildirib ki, hazırda ictimailəşməli, ictimailəşməsinə zərurət duyulan məsələ məhkəmə qərarı ilə "Xural"ın əmlakına müsadirə qoyulması deyil, həmin qəzetin timsalında mətbu müstəvidə meydana çıxan təhqirlər, böhtanlar, hədə-qorxular və insanların heysiyyətinə toxunan digər xoşagəlməzliklərdir: "Bu gün baş verənlər nəşrin insan şərəf və ləyaqətinə etinasız yanaşmasının, peşə davranışı qaydalarına bilərəkdən əməl etməməyin, bu sayaq nöqsanların aradan qaldırılması istiqamətindəki tövsiyələrdən nəticə çıxarmamasının nəticəsidir".
MŞ sədri bildirib ki, rəhbərlik etdiyi qurum birmənalı
qaydada jurnalistlərin yazdıqları yazıya görə həbsinin əleyhinədir. Buna görə
də diffamasiya ilə bağlı qanun layihəsi hazırlayıb: "Amma bu qanun
jurnalistləri məsuliyyətdən azad etmir. Əksinə diffamasiya mühiti onları həssas
münasibətə səsləyir. "Xural" qəzetindən bu həssaslığı görməmişik. Şuraya nəşrin
fəaliyyəti ilə bağlı şikayətlər indi də daxil olmaqdadır. Düşünürəm ki,
şikayətçilərin hər biri nəşr barədə eyni məzmunlu məhkəmə ölçüsünün
götürülməsinə nail ola bilərdi. Bunun üçün hüquqi əsasları da var".
"Əgər ortada məhkəmə qərarı varsa, bu qərarın icrası
həyata keçirilməlidir. Qərar hansı qəzetlə bağlı olur-olsun, icra olunmalıdır".
Bunu fikri isə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib. O qeyd edib
ki, Azərbaycanda çox vaxt məhkəmə qərarlarının icrası lazımi səviyyədə
keçirilmir: "İndi burda qərar icra olunub, mən də qeyri-adi bir şey görmürəm.
"Xural" qəzeti ilə bağlı Mətbuat Şurası da müzakirələr aparıb, bu qəzetin adını
"qara siyahı"ya saldı. Hər halda, müsadirə məsələsi son vaxtlarda gündəlik
çıxan bu qəzetin fəaliyyətinə təsir edəcək. Amma gərək "Xural" qəzeti də bu
məsələləri nəzərə alsın, gələcək fəaliyyətində insanlarla bağlı təhqir və
böhtanlara yol verməsin".
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu isə açıqlamasında bildirib
ki, bir qəzetin əlindən kompüterlərinin alınması istənilən halda normal deyil:
"Eyni zamanda mən məhkəmə qərarı ilə tanış olmuşam. Məhkəmə qərarında
qərardadın dərhal icraya yönəldilməsi göstərilməyib. Hər halda bu, arzuolunmaz
haldır".
"Ədalət" qəzetinin təsisçisi və baş məsləhətçisi Aqil
Abbas açıqlamasında heç bir qəzetin əmlakının müsadirə olunmasının
tərəfdarı olmadığını bildirib: "Belə şeylərə bir qədər diqqət ayrılmalıdır.
Amma bilirəm ki, kimsə məhkəmədə uduzubsa, müvafiq cəriməni ödəməlidir. Ya
bütöv, ya da hissə-hissə. Ödənsəydi, əmlak da müsadirə olunmayacaqdı. Amma
indiki halda məhkəmənin qərarı var, onun yerinə yetirilməsində məhkəmə
icraçısının heç bir günahı yoxdur. Bir daha deyirəm, açığı, mən istəmərəm ki,
hər hansı mətbuat orqanı belə bir situasiya ilə üzləşsin. Amma təbii ki, hər
bir qəzet də müəyyən şeyləri fikirləşməlidir ki, məhkəmə prosesi ola bilər,
cərimə ola bilər və s. Bir şeyi də deyim ki, çox istərdim məhkəmə "Xural"
qəzetinə vaxt verəydi, onlar da cərimə pulunu ödəyəydi".
Xatırladaq ki, "Xural" qəzetinin əmlakı oktyabrın 19-da
Nərimanov Rayon məhkəmə icraçıları tərəfindən müsadirə olunub.
"Xural" qəzetinin rəhbərliyi isə redaksiyaya qarşı çıxarılan qərarı son zamanlar nəşrlərində iqtidara qarşı kəskin fikirlər səsləndirdikləri ilə əlaqələndirirlər.
Söz azad olmalıdır, çılpaq yox...
Natiq Qocaman
O.M.