Sakinlər tikinti şirkətlərini məhkəməyə verə bilər

Sakinlər tikinti şirkətlərini məhkəməyə verə bilər

20 Oktyabr 2011 18:38
Bəyəndim (0) Bəyənmədim (0)
FHN istismara qəbul edilməyən binaların sakinlərini məhkəməyə şikayət etməyə səslədi

Fövqəladə Hallar Nazirliyi tikintisi başa çatan, amma hələlik istismara qəbul edilməyən binaların sakinlərini binanın istismara qəbulu üçün tikinti şirkətlərinə təsir etməyə çağırıb. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib ki, belə binaların sakinləri binanın istismara qəbul edilməsi üçün müraciət etməyən tikinti şirkətlərini məhkəməyə verə bilərlər. Binanın istismara qəbul edilməməsinin bir sıra problemlərə səbəb olduğunu xatırladan E.Əsədov buna misal olaraq həm mənzillərin rəsmiləşdirilməsi və qeydiyyatı, həm də qazlaşdırma sahəsindəki çətinlikləri göstərib. Rəis müavini onu da bildirib ki, hazırda Bakıda istismar olunan (yəni əhalinin artıq yaşadığı), amma istismara qəbul üçün müraciət etməyən binaların sayı kəskin azalıb. İki il əvvəl 207 belə bina vardısa, bir il əvvəl bu rəqəm 50-yə, altı ay əvvəl 36-ya düşüb: "İndi isə cəmi 5 bina qalıb ki, əhali yaşayır, amma hələlik istismara qəbul üçün müraciət etməyiblər. Biz onlarla iş aparırıq ki, onlar müraciət etsinlər və biz onların istismara yararlı olub-olmadığını araşdıraq. İstismara qəbul üçün müraciət edən binalardan isə 70-dən çoxu artıq istismara qəbul edilib". O ki qaldı hələlik əhalinin məskunlaşmadığı binalara, rəis müavini bildirib ki, nazirlik çalışır ki, belə binalar istismara qəbul olunmayanadək ora əhalinin köçməsinə yol verilməsin. E.Əsədovun sözlərinə görə, dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunan binaların hamısı həm təhlükəsizlik, həm də tikinti üzrə bütün normalara cavab verir.

O.M.