
Zəvvarlar Həcc ziyarətinə "Binə" t/m-dən yola düşəcəklər
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin (QMİ) mətbuat xidməti məlumat verir ki, bu il Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların Bakıdan yola salınacağı yer dəyişdirilib. Zəvvarlar Bakının Qaradağ rayonunda yerləşən "Binə" ticarət mərkəzinin yaxınlığındakı meydandan yola düşəcəklər. Zəvvarların Bakıdan yola düşmə yerinin dəyişdirilməsinə səbəb "Azadlıq" meydanında görülən işlər olub. Belə ki, hazırda "Azadlıq" meydanında yeraltı avtomobil dayanacağı inşa olunur.
Qeyd edək ki, azərbaycanlı zəvvarların bir qismi müqəddəs
ziyarətə avtobuslarla, bir qismi isə təyyarələrlə yola düşəcək. Ümumilikdə 44
avtobus iki karvan şəklində gedəcək. Oktyabrın 23-ü yola düşəcək ilk karvanda
18 avtobus, oktyabrın 24-ü yola düşəcək ikinci karvanda isə 26 avtobus olacaq. Təyyarələr
isə daha gec - 28-31 oktyabr tarixlərində zəvvarları Həcc ziyarətinə aparacaq.
Ümumilikdə 5 təyyarə olmaqla oktyabrın 28, 30 və 31 oktyabr tarixlərində 1, 29
oktyabrda isə 2 təyyarə havaya qalxacaq.
QMİ Azərbaycan Həcc missiyasının təşkilatçısı olaraq, Həcc
ziyarəti ilə bağlı müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri Səudiyyə
Ərəbistanının Həcc Nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir.
2011-ci ildə Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün
nəzərdə tutulan kvotaya uyğun olaraq, 2 000 zəvvar avtobus və təyyarələrlə yola
düşəcək. Ziyarət səfərləri avtobuslarla 2650 manat (keçən il 2500 manat olub),
təyyarə ilə səfər edənlər üçün isə 3750 manat (keçən il 3500 manat olub)
dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri,
torpaqbasdı vergisi, çadırların icarə haqqı daxildir. Builki yeniliklərdən biri
də QMİ-nin Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların
marşrutunda dəyişiklik etməsidir. Belə ki, zəvvarlar bu il Suriyada baş verən
hadisələrlə əlaqədar Həccə Azərbaycan - İran - İraq - Səudiyyə Ərəbistanı
marşrutu üzrə hərəkət edəcəklər. Zəvvarlar Həcc ziyarətinə gedərkən və
qayıdarkən İraqdakı müqəddəs yerləri, o cümlədən Kərbəlanı da ziyarət edə
biləcəklər.
Həqiqi ziyarətin marşrutu ürəkdən başlayır...
Hafiz Əhmədov
O.M.