Yəməndə aksiya zamanı qan töküldü

Yəməndə aksiya zamanı qan töküldü

17 Oktyabr 2011 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Yəmənin paytaxtı Sənada hökumət əleyhinə etiraz aksiyası yenidən qan tökülməsi ilə başa çatıb. Yəmən təhlükəsizlik qüvvələrinin əməkdaşları nümayişçilərə odlu silahdan atəş açıb. Azı 5 nəfərin öldüyü, onlarla insanın xəsarət aldığı bildirilir. Şahidlərin sözlərinə görə, nümayişçilərə evlərin damında gizlənmiş snayperlər atəş açıb. Kütləni dağıtmaq üçün həmçinin gözyaşardıcı qazdan da istifadə edilib.

Qeyd edək ki, Yəməndə yüzlərlə insanın həyatına son qoyan xalq hərəkatı bu ilin yanvarından bəri davam edir. Yəmən müxalifəti 33 ildir hakimiyyətdə olan prezident Əli Abdullah Salehin istefası tələbi ilə çıxış edir. Hazırda yəmənlilər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının prezident Salehin hakimiyyətdən əl çəkərək istefaya getməsinə səsləyən qətnamənin çıxarılmasını gözləyirlər.

Xatırladaq ki, ötən şənbə günü Yəmən prezidenti istefaya getməyə hazır olduğunu bildirsə də hər hansı konkret tarixdən söz açmamışdı. Müxalifət də ölkə başçısının bəyanatına skeptik yanaşmışdı.

Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü.

Fərid Qurbanov

O.M.