Tokionun Setaqaya bölgəsində yüksək radiasiya ilə bağlı xəbərdarlıq edilib

Tokionun Setaqaya bölgəsində yüksək radiasiya ilə bağlı xəbərdarlıq edilib

14 Oktyabr 2011 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyada yenə radiasiya təhlükəsi barədə xəbərdarlıq edilib. Paytaxt Tokioda yüksək səviyyədə radiasiya aşkar edilib. Radiasiyanın müəyyən edildiyi bölgə Tokionun Setaqaya yaşayış məntəqəsidir. Ərazi karantinə alınıb, sakinlər evakuasiya edilib. Rəsmilərin bildirdiyinə görə, buradakı radiasiyanın mənbəyi martın 11-də sunami nəticəsində qəzalı vəziyyətə düşən "Fukusima-1" atom-elektrik stansiyası deyil, bölgədə olan bəzi materiallardır. Daha dəqiq desək, mütəxəssislər bölgədəki yaşayış binalarından birinin zirzəmisindən tapılmış butulkaların radiasiya mənbəyi olduğunu ehtimal edirlər. Hazırda bu butulkaların hansı yolla radiasiya ilə zəhərləndiyini araşdırırlar. Bununla belə, radiasiyanın sakinlərin səhhəti üçün təhlükə törətməyəcək səviyyədə olduğu bildirilir.

Bir neçə gün bundan əvvəl də "Fukusima-1" atom-elektrik stansiyasından 60 kilometr məsafədə də yüksək səviyyədə radiasiya aşkar edilmişdi. Yaponiya hökuməti daha əvvəl AES-ə 20-30 kilometr məsafədə əraziyə daxil olmamaq barədə xəbərdarlığını götürsə də, stansiyanın 20 kilometrliyində bölgə giriş üçün tamamilə qapalıdır.

Fərid Qurbanov

O.M.