"Həyat" istirahət mərkəzi əslində "Ölüm vadisidir"! - PİRŞAĞIDA - FOTO
Mediainfo.az xəbər verir ki, dünən axşam saatlarında Pirşağı qəsəbəsindəki "Həyat" istirahət mərkəzində hamının gözü önündə şok hadisə yaşanıb. Belə ki, 5-6 cavan oğlan ləpələrin arasında çapalayan birinə kömək etmək istəyib. Boğulmaq üzrə olan şəxsin həyatını sıravi vətəndaşlardan biri xilas edib. Özü də şəxsi hava ilə doldurulmuş şarı ilə. Lakin 2 nəfər bu ərəfədə ləpələrin arasında gözdən itib. Onlardan biri 2 övlad atası olan Qoşqar (Murovdağda əsgərlik xidmətini çəkib), digəri isə 1 övlad atası olan 31 yaşlı şəxs.
Xatırladaq ki, bu "Həyat" adlı istirahət mərkəzindəki ilk boğulma faktı deyil. İstirahətə gələnlərə stol-stulları (6 nəfərlik) 15 manata, motosikleti sürmək üçün 10 dəqiqəsini 5 manata, çay dəstgahını, yeməyi od qiymətinə "soxuşduran" rəhbərlik əslində daha önəmli vəzifəsinin nədən ibarət olduğunu unudub, deyəsən. Obyektinin adını "Həyat" deyil, əslində "Ölüm vadisi" qoysaydı, lap yerinə düşərdi.
Yerli sakinlərin dediklərinə görə, yay boyu bu obyektə dincəlməyə gələnlərin çoxu kor-peşman geri qayıdır. Daha doğrusu, göz yaşı içində. Belə ki, boğulma hallarının sayı çox olur burada. Çünki heç bir xilasedici qüvvə yoxdur. Kimsə kiminsə həyatını xilas etmək istəyir, qeyri-peşəkarcasına, nəticədə öz həyatından da olur. Bir sözlə, heç bir tədbir görülmür, görmək niyyətində də deyillər.
İşçilər isə ağlaşma, təcilli tibbi yardım və FHN əməkdaşlarının sonradan gəlib çıxmalarına alışıblar. Baş verənlərə çox soyuqqanlıqla yanaşırlar. Eynən dünənki hadisədə olduğu kimi: "Ölüb cəhənnəmə ölüb", "Canı çıxsın, yeyib-içib suya girməzdi", "Özünü göstərir uzağa getməklə?" və s. kimi acımasız ifadələr bu obyektin rəhbəri kimi işçilərinin də qanına işləyib.
Əlavə edək ki, istirahət mərkəzində təhlükəsizlik naminə heç bir tədbir görülməyib. Əsasən də hər "obyektdə" olduğu kimi, dənizdə batma işarəsi olan şarlar belə qoyulmayıb.
Hadisə ilə bağlı heç bir işçini dindirmək, obyektin sahibi ilə əlaqə saxlamaq mümkün olmadı. Özbaşına qalmış "Həyat"da ölüm hallarının qarşısının alınacağını isə boynuna götürən tapılmadı...
Hazırladı: Könül AYPARA