9 ildən sonra Bakıdakı sahilyanı obyektlər su altında qalacaq?

9 ildən sonra Bakıdakı sahilyanı obyektlər su altında qalacaq?

11 Oktyabr 2011 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov iqlim dəyişiklikləri ilə əlaqədar olaraq, Xəzərdə suyun səviyyəsinin artacağını proqnozlaşdırır. "Rusiya və Azərbaycanın şimal hissəsində yağıntıların miqdarı artıb. Bu, Ural, Volqa, Samur, Kür və Xəzərə tökülən digər çaylarda suyun artmasına səbəb olur. Nəticədə dənizdə də suyun səviyyəsi yüksəlir", - deyə T.Zeynalov bildirib. O, gələcəkdə Xəzər dənizindəki dalğaların bir çox sahilyanı obyektləri yuyub aparacağını düşünür. Bir vaxtlar Xəzərdə suyun səviyyəsinin 4 metr yüksəldiyini xatırladan T.Zeynalov bu dəfə artımın 2 metr olacağını bildirir.

Coğrafiya İnstitutu direktorunun müavini Ramiz Məmmədov isə hesab edir ki, proqnozlar Xəzərdə suyun səviyyəsinin yaxın 15-20 ildə nisbətən sabit qalacağını göstərir: "Bu yaxınlarda ekspedisiyadan qayıtmışam. Aparılmış tədqiqatın nəticəsi göstərir ki, Xəzərdə suyun səviyyəsi təxminən yarım metr azalıb. Yaxın 1-2 il üçün proqnoz onun nisbətən arta biləcəyi ilə bağlıdır. Guya 2020-ci ildə Xəzərin Qız Qalasınadək gəlib çıxacağına dair söz-söhbətlər var idi. Amma bu fikrin heç bir əsası yoxdur. Hansısa dövrdə Xəzərdə suyun yarım metr artacağı və ya azalacağı istisna deyil. Amma bu, fövqəladə hadisə sayılmır".

Günel Həbib

O.M.