İşçini isti havada işlədəni 2000 manat cərimə gözləyir
Nazirlik dözülməz istidə işləməyə məcbur edilənlər üçün qaynar xətt yaradıb
İyul ayının ilk günlərini yaşasaq da, artıq ölkə ərazisində kəskin istilər müşahidə olunmaqdadır. Hətta bəzi yerlədə temperaturun 40 dərəcədən yüksək olduğu bildirilir. Rəsmi məlumata görə, iyunun 21-dən bu günə qədər təkcə Bakıda 7 nəfəri gün vurub, onlardan iki nəfəri xəstəxanaya yerləşdirilib.
Bununla bağlı həkimlər günvurmaqdan qorunmaq məqsədilə günorta saatlarında açıq havada çox olmamağı, qoruyucu vasitələrdən istifadə etməyi, çoxlu sərin maye qəbul etməyi məsləhət görürlər.
Lakin heç də gizlin deyil ki, ölkədə açıq şəraitdə, günün altında işləmək məcburiyyətində qalan xeyli insan var. Onların əksəriyyəti tikinti, yolların bərpası ilə bağlı işlərdə çalışanlardır. Halbuki işçilərin sağlamlığına zərər vura biləcək əmək şəraitində işləməsi qanunla qadağandır. İşçi bundan imtina edə bilər. Qanuna əsasən işəgötürən şəxs 41 dərəcə isti olarsa, işi dayandırmalıdır. Əgər işi davam etdirmək məcburiyyətində qalarsa, bunun üçün xüsusi əlavə tədbirlər görməlidir. Məsələn, kənarda çətirlər qurmalı, tez-tez fasilələr verməli, işçiləri sərinləşdirici içkilərlə təmin etməlidir. İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə əsasən, işçilər üçün normal iş şəraiti yaradılmalıdır. Bunu nəzərə almayanlar 1000 manatdan 2000 manata qədər cərimə oluna bilər.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, yay mövsümündə kəskin isti hava şəraitinin mövcud olduğu vaxtlarda işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən, zəruri tədbirlər görülməlidir: "Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir".
Qeyd edək ki, nazirlik isti havada işləməyə məcbur edilənlər üçün 142 qaynar xətt də yaradıb.
Adətən isti hava şəraitlərində Azərbaycan ordusu da xüsusi rejimə keçir. Bu zaman istilərlə bağlı əsgərlər kazarma şəraitində saxlanılır, onların günvurmadan qorunması üçün əlavə tədbirlər görülür. (musavat)
Mediainfo.az