"Oxu Məni" qəzetinin 19 yaşı tamam oldu!
Bu gün Azərbaycan mətbuatı üçün böyük gündür. 19 ildir ki fəaliyyət göstərən ölkənin bir nömrəli əyləncəli qəzetinin – "Oxu Məni"nin nə az, nə çox, düz 19 yaşı tamam olur.
Bir sıra yaradıcı gənclərin ərsəyə gətirdiyi bu qəzet ailələrin sevinci oldu desək, yanılmarıq. Hər səhifəsi bir ümid, hər vərəqində bir yaşama səbəbi... Sevgi dolu məktublar, talelər, ayrılıqlar, tanışlıq, uşaq bölməsi, əyləncələr, viktorinalar, müsahibələr, şou-biznesə qatılanlar, serial, məsləhətlər, həkim və hüquqşünas məsləhətləri, kriminal və qalmaqallar, poeziya çələngi, bir sözlə, hazırda telekanallarda yayımlanan verilişlərin ilki oldu "Oxu Məni" qəzeti... Azərbaycanın bütün bölgələrində oxucularla maraqlı görüşlər keçirtdi. Məktublar, açıqcalar alıb, oxucularla sıx dostluq münasibəti qurdu. Silsilə görüşlər təşkil etdi. Redaksiyanın qapıları hər zaman açıq oldu yaxından-uzaqdan gələnlər üçün. Xeyriyyə konsertləri keçirib, atılmış ahıllara övlad sevgisi, körpələrə isə valideyn məhəbbəti bəxş etməyə çalışdı "Oxu Məni". Qərəzsiz yazıları ilə respublikaya car çəkdi. Həbsxanalardakı məhbusları da unudulmadı. Neçə-neçə qırılmış qəlblərə məlhəm, tənha insanların dostluq sorağına dəstək oldu. Küsənləri barışdırdı, cütlüklərə toy-büsat qurdu. İstedad axtarışına çıxıb şeir, qəzəl, hekayə, roman yazan, lakin kiməsə göstərməyə ehtiyat edənlərə yol açdı. Hətta bacarıqlı jurnalistləri cəmiyyətə tanıtmağı da əsirgəmədi. 7-dən 77-yə oxucuların yaradıcı fəaliyyətinin genişlənməsində vasitəçi oldu "Oxu Məni".
Oxucularını göz bəbəyi bilib, doğmalarından ayırmadı. Xeyirlərində, şərlərində yanlarında oldu, sevinclərə, dərdlərə şərik oldu hər zaman. Sosial şəbəkələr geniş yayılmamışdan öncə "Oxu Məni" qəzeti müxtəlif rubirkalarla oxucuların bir-biri ilə virtual ünsiyyət qurmasına və intellektuial inkişafının sınaqla önə çıxarılmasında böyük rol oynadı. Xatırladaq ki, hələ də bu təşəbbüslər davam etməkdədir.
P.S. Əziz OXUcu dostlar, bu gün sizli-bizli əl-ələ verib, 19 yaşına gətirib çatdırdığımız "Oxu məni" qəzetinin ad günüdür.Qəzet rəhbərləri Natiq Qocayev, Emin Axundov başda olmaqla əməyi olan əməkdaşlarımızı bu sevincli gün münasibətilə təbrik edirik. Bu günə kimi qəzetdə zəhməti olan - Könül Ayparaya, Günel Şahməmmədovaya, İsa Rəvana, Aqil Məmmədova, Murada, Şəlalə Nərimana və hazırda fəaliyyətlərini başqa yerlərdə davam etdirən digər jurnalistlərimizə də - Afət Rahilqızıya, Vüsalə Hüseynliyə, Əfqanə Kamranqızına, İnarə Rafiqqızına, Elşad Vəliyevə, Emil Tahiroğluya, Elçin Manafova, Teyyub Quliyevə, Vaqif Abdullayevə, Mayıl İsmayılova, Səkinə Xıdırovaya, Sevinc Qocayevaya, İlahə Həmzəyə, Mətanət Şamilqızıya və s. dərin minnətdarlığımızı bildiririk!
Daimi OXUcularımızdan - Emin Süleymanovaya, Kamran Sərvərliyə, Sitarə Hüseynovaya, Günel Salahovaya, Fuad Biləsuvarlıya, Natavan Uğurluya, Rəşad Məmmədova, Şəhanə Müşfiqə, İlahə İmanovaya, Məlahət Mikayılqızıya, Gülnarə İsrafilə, Rahib Salehə və digərlərinə xüsusi minnətdarlığımızı bildiririk. İllərdir bizimlə bərabər addımladığınız üçün var olun, dostlar!
Hazırladı: Könül AYPARA