“Bakı Oksford məktəbi”ndə təntənəli buraxılış mərasimi keçirildi
Bu gün Bakıdakı "Oksford məktəbi"ndə (Baku Oxford School) məzunların təntənəli surətdə buraxılış tədbiri həyata keçirilib. 2017-ci il məzunlarının şərəfinə təşkil olunmuş tədbir Azərbaycanın, İngiltərənin və "Oxford School"un himni ilə açıq elan edilib. 8-ci sinif şagirdləri bayraqlarla səhnəyə doğru irəliləyiblər. Onların arxasınca gələn 11-ci sinif şagirdləri sürəkli alqışlar fonunda səhnəyə qalxıblar. Tədbirin aparıcıları - Ramiz Mehdiyev və Aybin 2017-ci il məzunlarını təqdim etməyə başlayıblar. 11-ci sinif şagirdləri zaldakı yerlərini aldıqdan sonra söz BOS prezidenti Mehriban Məmmədovaya və A.S. direktora verilib. Onların ardınca növbə ilə müəllimlər və valideynlər çıxış etməyə başlayıblar. 11-ci sinif şagirdlərinə fəxri sertifikatlar və diplomlar təqdim olunub. Söz 11-ci sinif şagirdlərinə verilib. Daha sonra məktəb haqda mahnının sədaları altında birincilər səhnəyə qalxaraq, məzunlara rəmzi mənada 11 ədəd gül təqdim ediblər. Bunun ardınca T.Quliyevin "Son zəng" valsı səsləndilib. Səhnənin ön sıralarında dayanan məzunlar xorla müəllim haqda mahnı oxuyublar, birincilər isə bu mahnının sədaları altında rəqs ediblər.
Tədbirin sonunda "Qaudeamus" səsləndirilib və on birincilər məzun papaqlarını havaya atıblar. Konfetti atışı həyata keçirilib. Aparıcılar hər kəsi furşetə dəvət ediblər. Bununla da tədbirin rəsmi hissəsi başa çatıb. Klassik musiqinin sədaları altında məzunlar əllərindəki şarları havaya buraxıblar.
Emin Axund































































































