“VAZ 2107” qaztənzimləyici qurğuya çırpıldı

“VAZ 2107” qaztənzimləyici qurğuya çırpıldı

6 Oktyabr 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı yüksək sürətlə idarə edilən "Vaz 2107" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində Əbdürrəhim bəy Haqverdiyev küçəsində yolun kənarındakı qaz tənzimləyən qurğuya çırpılıb. Hadisədən sonra sürücü avtomobilin dövlət qeydiyyat nömrə nişanını açaraq hadisə yerindən yayınıb.

Qeyd edək ki, qəzadan sonra ətraf ərazidə yaşayan sakinləri təbii qazla təmin edən boru qəzalı vəziyyətə düşüb. Ətrafa qazın sızması isə ərazidə partlayış və ya güclü yanğının təhlükəsi yaradıb.

Bu səbəbdən təcili olaraq əraziyə Yasamal rayon Qaz İstismarı İdarəsi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Bir müddət sonra yaşayış evlərinə verilən qaz xətti bağlanıb və qaz sızmasının qarşısı müvəqqəti olaraq alınıb. Yalnız bundan sonra qəzaya uğrayan maşın ərazidən götürülüb. Faktla bağlı Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırmalara başlanılıb. Hadisəni törətdikdən sonra qəza yerindən yayınan sürücünün axtarışları davam etdirilir.

Sürmə 100, yaşa 100.

Fərid Qurbanov

O.M.