
Fransa şirkəti Bakıda mikrorayon tikməkdən imtina edib - ilginc iddia
Akif Əli: "Danışıqlar aparılır"
Bu ilin ikinci yarısında Bakının Nəsimi rayonu ərazisində yerləşən 1-ci mikrorayonun hissə-hissə söküntüsünə başlanılacağı planlaşdırılıb. "Xruşşovka" kimi tanınan, müvəqqəti yaşayış üçün nəzərdə tutulan, istismar müddətini başa vurmuş iripanelli yaşayış binaları sökülərək ərazidə yenidənqurma işləri aparılacaq.
Martın 10-da baş nazir Artur Rasizadə Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərar da imzalayıb. Fövqəladə Hallar Nazirliyinə tapşırılıb ki, "Pilot layihə" kimi, 1-ci mikrorayonda qəzalı vəziyyətdə olan, "Xruşşovka" kimi tanınan yaşayış binalarının və həmin mikrorayonun ərazisindəki digər yaşayış və qeyri-yaşayış təyinatlı tikililərin sökülərək yerində yeni binaların tikilməsi üçün plan hazırlasın. Həmçinin işlərin icrasını özündə əks etdirən Tədbirlər Planının layihəsini hazırlayaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla, təsdiq edilməsi üçün 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etsin.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib ki, 1-ci mikrorayonun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərara əsasən, köhnə 5 və 9 mərtəbəli yaşayış binalarının sökülməsi və onların yerində yeni yaşayış binalarının inşa edilməsi nəzərdə tutulub. Evləri söküləcək insanlara sonradan yeni binalarda veriləcək mənzillərin sahəsi əvvəlki mənzillərlə müqayisədə 10 faiz artıq olacaq. Söküntü-tikinti işləri aparılan zaman vətəndaşların kirayədə qalmaları üçün onlara kompensasiya da veriləcək.
Ərazidə ümumilikdə 34 binanın sökülməsi, 1729 ailə köçürülməsi nəzərdə tutulub.
Məlumata görə, bu ərazinin tikintisinə podratçı kimi Fransa şirkətini seçilibmiş. "Yeni Müsavat"a daxil olan məlumata görə, bir müddət əvvəl danışıqlar aparılmış Fransa şirkəti tikintidən imtina edib. Bu səbəbdən də ərazidə söküntü işlərinin başlanılması iyun-iyul aylarına planlaşdırılsa da, qeyri-müəyyən vaxta təxirə salınıb.
Məsələ ilə bağlı məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov "Yeni Müsavat"a bildirdi ki, Fransa şirkəti ilə razılıq barəsində hər hansı bir məlumata sahib deyil: "Lakin mən mayın 23-də Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədovla 1-ci mikrorayonda aparılan işlər barəsində danışmışam. O, məlumat verdi ki, bütün müvafiq sənədlər Nazirlər Kabinetinə göndərilib. Həmin sənədlər orada təsdiq olunub gələnə qədər gözləyəcəklər. Sənədlər təsdiqləndikdən sonra isə işlər başlayacaq".
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli də bildirdi ki, bu barədə konkret məlumata sahib deyil: "Hansısa tədbirdə və ya digər formada bu barədə heç bir açıqlama verilməyib. Danışıqlar aparılır. Bununla bağlı konkret açıqlama verilməyibsə, mən də heç nə deyə bilmərəm. Ola bilər ki, vəziyyət siz dediyiniz kimidir. Ancaq qeyd etdiyim kimi, bu barədə bizdə heç bir məlumat yoxdur".
Onu da qeyd edək ki, Fransa şirkətlərinin Azərbaycanda tikinti sahəsində müəyyən işləri olub. Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin Kontinental Avropa İdarəsinin rəisi Florans Manjən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşü zamanı bildirmişdi ki, Fransa Azərbaycanda metronun yenidən qurulması işində əməkdaşlıqda maraqlıdır. (musavat)
Mediainfo.az