
YDM avtomobilindən külli miqdarda siqaret aşkarlayıb
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilən külli miqdarda tütün məmulatı aşkar ediblər.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, idarənin "Qoşa Təpə" gömrük postunda İran ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Kamaz" markalı yanacaq daşıyan çənli yük avtomobilinə xidməti axtarış itinin tətbiqi ilə baxış keçirilib.
Xidməti itin reaksiyası əsasında, avtomaşının qoşqusu ətraflı yoxlanılıb. Nəticədə, qoşqunun orta hissəsində, döşəmə ilə çənin arasındakı boşluqda, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, Azərbaycanın aksiz markası ilə markalanmayan cəmi 31.000 ədəd "D&J" və "Manchester" adlı siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər