
Çindəki tələbələr festivalda Azərbaycanı bu cür təmsil etdilər
Mediainfo.az xəbər verir ki, hər il Çində universitetlər arası Beynəlxalq Mədəniyyət Festivalı keçirilir. Bu tədbirə əsasən həmin ölkədə fəaliyyət göstərən təhsil idarələrinin tələbələri qatılırlar. Tələbələr ölkələrinin milli-mənəvi dəyərləri ilə bağlı məlumatlar paylaşır, milli mətbəxlərini nümayiş etdirir, milli atributları barədə festival iştirakçılarına ətraflı məlumatlr veririlər.
Amma nədənsə Ermənistandan fərqli olaraq, azərbaycanlı tələbələr bu festivallarda passivlik nümayiş etdiriblər. Ta ki bu ilki festivala qədər.
Çinin Xinjiang Universitetinin tələbəsi olan azərbaycanlı gənc Əli Hüseynli bu il Azərbaycanı bu festivalda təmsil etmək qərarına gəlib və bundan qürur hissi duyur:
- Çox təəssüf ki, azərbaycanlı tələbələr neçə illərdir ki, bu festivala qatılmırdı. Bu, bizə çox pis təsir edirdi. Ona görə də dostlarla qərarlaşıb, qatılmaq qərarına gəldik. Təklifimizi əmimə də dedim. (Qeyd: Əli Hüseynlinin əmisi keçmiş millət vəkili, dəyərli jurnalist Etibar Hüseynovdur - K.A). Məmnuniyyətlə razı olub, "mütləq iştirak edin", - dedi. Əmim Bakıdan milli geyimləri, bayraqlarımızı, armudu stəkanları, ərzaqları, bir sözlə, milli dəyərlərimizə aid olan hər şeyi göndərdi. Qalan bəzi əşyaları dostlarla buradan əldə edə bildik. Bəzi yeməkləri özümüz, bəzilərini isə buradakı aşbazlara bişirtdirdik. Heç kimdən maddi dəstək ummadan festivala bu cür qatıldıq. Çünki bu, içimizdən gələn bir istək idi. Dövlətimizə, millətimizə olan sevgi idi. Fürsətdən istifadə edib, bütün dostlarıma, xüsusən də Şükürov İftixara, Mənsimli Müslümə, Cəfərov Şəhruzə, Məmmədov Asimə, Təbrizə öz minnətdarlığımı bildirmək istəyirəm. Hamı çox ürəklə zəhmət çəkdi.
- Adətən ermənilər bu cür tədbirlərdə təxribata əl atırlar. Bu dəfə nə isə etmədilər ki?
- Ermənilərin mənfur xasiyyətlərinə bələd olduğumuzdan öncədən hazırlığımızı etmişdik. Dostlarımızdan çoxu idmançıdır. Böyük kimi əmim Etibar Hüseynovdan məsləhətlərini aldıq. O, dedi ki, "ermənilər əsasən Rusiyada olanda ürəklənirlər. Yəni ağaları arxasında olanda cəsarətlənirlər. Çində nə isə edəcəklərinə inanmıram, xırda-para təxribatlarına aldanmayın. Amma qondarma Qarabağ bayraqlarını qaldırsalar, heç nəyə baxmadan endirib başlarına keçirin! Deyin ki, Kardaşyanın bu alt çamaşırını yüksəldə bilməyəcəksiniz".
Amma heç bir təxribatla üz-üzə qalmadıq və hər şey yaxşı sonluqla bitdi. Festival uğurla başa çatdı. Milli mədəniyyətimizi, mətbəximizi, musiqimizi layiqincə təmsil etdik. Festivala təşrif buyuranların marağına səbəb olduq. Hər kəs Azərbaycanın milli xörəklərindən dadıb, müsbət fikirlərini ifadə etdilər. Plovumuz, paxlavamız, dolmamız, mürəbbələrimiz, somavar çayımız, milli şirniyyatlarımız qonaqlarda heyrətamiz fikir oyatmışdı.
Doğrudur, bu bizim ilk işimiz idi deyə, bütün ideyalarımızı həyata keçirə bilmədik, amma gələn il daha geniş planlarımızı reallaşdıracağıq. İnşallah.
P.S. Hər zaman Azərbaycanımızı xarici ölkələrdə layiqincə təmsil edən, heç bir maddiyyat güdmədən vətənini sevən gənclərimizlə qürur duyuruq!
Hazırladı: Könül AYPARA