MTN-in həbs etdiyi şəxs məhkəmə zalından azadlığa buraxıldı

MTN-in həbs etdiyi şəxs məhkəmə zalından azadlığa buraxıldı

8 May 2017 16:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş MTN tərəfindən Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan 37 yaşlı Rəhman Musayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Prosesə hakim İradə Həsənzadə sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə əsasən Rəhman Musayevin barəsində şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə prosesi qapalı keçirilib.

İttihama görə, Rəhman Musayev mütəşəkkil dəstə tərkibində İnternet-dən istifadə etməklə qanunla qorunan kompüter informasiyasına qanunsuz daxil olub onların surətlərini əldə edərək 2008-2011-ci illər ərzində həmin informasiyalar vasitəsilə ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarmaqda və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talamaqda təqsirli bilinib. Ona qarşı, həmçinin vergidən yayınma ilə bağlı da ittiham sürülüb.

R.Musayev ləğv edilmiş MTN-in Baş İstintaq İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyevin rəhbərlik etdiyi qrup tərəfindən saxlanılıb. Məlumata görə, R.Musayevin "Azəriqazbank"da hesabı olub. O, xarici vətəndaşla birlikdə sahibkarlıqla məşğul olub. MTN-ə çağırılan R.Musayevdən qazandığı pulların, bank hesabında olan vəsaitin mənbəyi soruşulub. Bütün bunlardan sonra ona qarşı ittihamlar irəli sürülüb.

Daha sonra R.Musayevin azadlığa buraxılması üçün onun ailəsindən 1 milyon manat tələb edilib. R.Musayevin ailəsi Yasamal rayonunda olan mənzillərini satıb. R.Musayevin azadlığa buraxılması üçün ailəsindən 200 min manat alınıb.

Qeyd edək ki, MTN-in İctimaiyyətlə əlaqələr şöbəsi hələ 2012-ci ildə yaydığı məlumatda Rəhman Musayev internet vasitəsilə müxtəlif bank hesablarından külli miqdarda pul talayan dəstə üzvü kimi təqdim edib. Dəstənin digər üzvləri kimi Elçin Abdullayev, Emin Zəkiyev və Mikayıl Dadaşlının adı çəkilir. İttihama görə, Rəhman Musayev və Elçin Abdullayev xarici ölkə vətəndaşlarına məxsus plastik kartlara aid məlumatları internetlə qanunsuz əldə edib, Emin Zəkiyevə, Mikayıl Dadaşlıya və qeyrilərinə verməyi öhdəsinə götürüb. Həmin məlumatlar əsasında ələ keçirilmiş pulları Bakıdakı ayrı-ayrı mağaza və şirkətlərin hesabına köçürüb, müxtəlif malların alınıb-satılmasının təşkili Emin Zəkiyevlə Mikayıl Dadaşlıya tapşırılıb. Onlar əsasən, internetlə ABŞ-da fəaliyyət göstərən müxtəlif bankların müştərilərinə məxsus elektron hesablar barədə məlumatlar əldə ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2013 tarixli hökmü ilə E.Abdullayev 7 il 2 ay, E.Zəkiyev 7 il, R.Qəniyev 3 il və M.Dadaşlı 1 il 2 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Mediainfo.az