Oqtay Şirəliyev işdən çıxardığı şöbə müdirini yenə həmin vəzifəyə təyin etdi

Oqtay Şirəliyev işdən çıxardığı şöbə müdirini yenə həmin vəzifəyə təyin etdi

1 May 2017 13:43
Bəyəndim (0) Bəyənmədim (0)
Səhiyyəmizdə daha bir unikal hadisə!

Jurnalist Həsən Babayevin 2015-ci il sentyabr ayının 4-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xanımı üzərində qeysəriyyə əməliyyatı zamanı övladının Z.Abbasova tərəfindən öldürülməsi ilə bağlı müraciətdən sonra Səhiyyə Nazirliyi açıqlama yaymışdı.

Açıqlamada Həsən Babayevin müraciətinə cavab olaraq bildirilmişdi ki, Respublika Klinik Xəstəxanasının Doğum Şöbəsinin müdiri Z.Abbasova tutduğu vəzifədən azad edilmişdi.

Jurnalistin sözlərinə görə bu hadisədən sonra onu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov və Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov qəbul etmişdi:
"G.Poladov və T.İbadov bizə bildirdilər ki, sözügedən xəstəxananın Pataloji Hamiləlik və Doğum Şöbəsinin müdiri Zəhra Abbasova (Zara həkim) yoldaşımın vəziyyəti ilə bağlı çox ciddi səhvə yol verib və bu da uşağın ölümünə səbəb olub. Eyni zamanda qeyd etdilər ki, Z.Abbasova vəzifəsindən azad ediləcək. Təəssüflər olsun ki, uşaq ölümü ilə bağlı ölkənin tanınmış media qurumlarında rəsmi xəbər yayıldıqdan sonra heç bir cinayət işi açılmadı. Biz həkimin qanun qarşısında məsuliyyətə cəlb olunmasını hələ də gözləyirik".

Jurnalist bir müddət sonra nazirin göstərişi ilə Z.Abbasovanın vəzifəsindən azad edildiyini bildirmişdi:

"Daha sonra Səhiyyə Nazirliyindən mənə məktub yazaraq, günahkarların cəzalandırıldığı bildirilmişdi. Ancaq məlum olur ki, heç kim cəzalandırılmayıb. Xəstəxananın şöbə müdiri Zəhra Abbasova haqqında bu ilin yanvar ayında növbəti şikayət məktubu mətbuatda dərc edilib. Və göründüyü kimi nazir ona yenidən bu vəzifəni həvalə edib".

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri açıqlamasında məsələdən məlumatsız olduğunu bildirib.

Qeyd edək ki, Zəhra Abbasova haqqında bir müddət öncə daha bir xəstə yaxını da şikayət bildirmişdi. Tovuz rayon sakini Məsimə Zeynalova həkim səhlənkarlığı nəticəsində gəlininin sağlam övladının doğuş zamanı tələf olduğunu bildirib. (azxeber)

Mediainfo.az