Qıcolmadan öldüyü bildirilən şəxsin avtomobillə vurulduğu müəyyən edilib
Bakıda qıcolma ilə xəstəxanaya daxil olaraq orada ölən şəxsin yol qəzasında aldığı xəsarətdən ölməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KİV-ə verilən məlumata görə, aprelin 18-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən Bakı şəhər sakini Şahin Şahmuradov qıcolma diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ş.Şahmuradovun yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.
Aparılan əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsini "QazEL" markalı avtomobillə törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rafiq Həsənov saxlanılıb.
Mediainfo.az