Toydan qayıdan maşın 85 metrlik vadiyə aşdı: 9 yaşlı uşaq öldü

Toydan qayıdan maşın 85 metrlik vadiyə aşdı: 9 yaşlı uşaq öldü

3 Oktyabr 2011 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

Quba-Xınalıq yolunun 53-cü kilometrliyində 9 yaşlı uşağın tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, 41 yaşlı Xınalıq kənd sakini Kəbir Xəliloğlu Xasməmmədov Bostankeş kəndindən idarə etdiyi "Niva" markalı avtomobili ilə Xınalıq kəndinə gedərkən maşın Qudyalçayın 85 metr dərinliyə malik vadisinə düşüb. Nəticədə avtomobildə olan 9 yaşlı Məhəmməd Orucov hadisə yerindəcə keçinib. Onun meyiti yaxınlarına təhvil verilib.

Sürücü Kəbir Xasməmmədov və onun 7 yaşlı oğlu Kəmaləddin Xasməmmədov dərhal Quba rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Sürücüyə döş qəfəsinin zədələnməsi, beynin silkələnməsi, oğluna isə kəllə beyin travması diaqnozu qoyulub.

Quba rayon polis şöbəsinin müstəntiqi Rövşən Turabovun və hadisə yerində olan şahidlərin sözlərinə görə, sürücünün toydan gəldiyi ehtimal olunur. İlkin ehtimala görə, qəzaya səbəb sürücünün sürət həddini aşması ehtimal olunur. Hadisə yerində avtomobilin 25 metrlik əyləc izi qalıb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb. Avtomobilin sürücüsünün maşını idarə edən zaman içkili olub-olmaması isə ekspertizadan sonra müəyyənləşdiriləcək.

Sürmə 100, yaşa 100.

Tofiq Əliyev

O.M.