Serbiyada prezident seçkilərinin ilkin nəticələri məlum olub
Serbiyada aprelin 2-də keçirilmiş prezident seçkisinin ilk nəticələri məlum olub.
apa-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.
Belə ki, ilk yeri səslərin 59,79%-ni toplayan Serbiyanın baş naziri Aleksandr Vuçiç tutur. Onun ən yaxın rəqibi, ölkənin sabiq ombudsmanı Saşa Yankoviç cəmi 13,18% səs toplaya bilib.
Serbiya qanunvericiliyinə əsasən, birinci turda qələbə qazanmaq üçün namizəd 50% + 1 səs toplamalıdır. Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edib. Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır.
Mediainfo.az