Şagirdini zorlayan müəllimlər

Şagirdini zorlayan müəllimlər

3 Fevral 2017 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

Təlim-tərbiyə ocağı olan, hər bir insanın şəxsiyyət kimi formalaşdığı təhsil ocaqları getdikcə zorakılıq yuvasına çevrilir. İl ərzində məktəbdə şagirdlərin müəllim tərəfindən döyülməsi, müəllimlər arasında qarşıdurma, direktorun müəllimə qarşı zorakı davranışı ilə bağlı çox sayda informasiyalar alırıq. Amma son zamanlar yayılan xəbərlər insanı dəhşətə gətirir: "Müəllim şagirdini zorladı" . Əgər əvvəllər xarici ölkələrdə baş verən bu kimi xəbərləri internet səhifələrində oxuyurduqsa, təəssüf ki son vaxtlar ökəmizdə də azyaşlı şagirdlərini cinsi istismara məruz qoyan "müəllimlər" az deyil.

Şamaxının Pirləhi kəndində 9-cu sinif şagirdi müəllimindən hamilə qaldı

Bir müddət əvvəl Şamaxının Pirbəhli kənd məktəbində baş verən hadisə bütün ölkədə əks-səda doğurdu. "9-cu sinif şagirdi müəllimi İbrahimov Elnur Həsənağa oğlundan 7 aylıq hamilə qalıb." Ən pis olanı isə o idi ki, Elnur İbrahimovun "gərgin əməyi" nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov hətta 7 aylıq hamilə olan 15 yaşlı şagirdin bakirə olduğu haqında rəy də verdi.

Daha bir belə dəhşətli xəbər Ağstafa rayonu, Dağ Kəsəmən kəndindən gəldi. Kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləyən Rüstəm Ruslan oğlu Korovun 9-cu sinif şagirdi olan qıza (S.H.) qarşı seksual xarakterli hərəkətlər etməsi barədə polisə şikayət daxil olub. Daxil olan məlumat əsasında polis araşdırmalara başlayıb. Araşdırmalar zamanı hadisəni törədən şəxsin Azərbaycandan qaçdığı müəyyənləşib.

Quba rayonunda isə məktəbliləri zorlayan 40 yaşlı ibtidai sinif müəllimi olmuşdu. Rayonun Aşağı Quşçu kənd sakini Z. S. azyaşlı qızlarla cinsi əlaqədə olurmuş.

Ötən il barəsində 12 il həbs qərarı çıxan Rəssam Hazırlıq kursunun müəllimi, Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 63 yaşlı Abbas Məmmədov isə 11 və 13 yaşlı iki qız tələbəsini dəfələrlə zorlamışdı.

"Cinsi təlabatını ödəyə bilməyən müəllimlər uşaqları zorlayır."

Psixoloq Elnur Rüstəmov bu kimi məsələlərdə insan və psixologiya faktorunun əsas olduğunu deyir. Onun sözlərinə görə, insanları bu psixi vəziyyətə gətirən bir sıra məqamlar var. Belə ki, mövcud sosial-iqtisadi durum müəllim adını daşıyan insanların da psixoloji sarsıntı keçirməsinə səbəb olur. Eləcə də həmin şəxslərin uşaq vaxtı aldığığı psixoloji travmalar da onların bu cür yetişməsinə təsir edir.

Dünya psixoloqlarının araşdırmaları zamanı müəyyən edilib ki, bu cür müəllimlər adətən psixoloji problemi olan, cinsi tələbatını ödəyə bilməyən, eyni zamanda cinsi pozğunluq yaşayan adamlardır. Bunun elmdəki adı pedofiliya - uşaqbazlıqdır ki, onu da ciddi xəstəlik hesab edirlər. Adəti üzrə bu cür şəxslər öz çirkin əməllərini birbaşa həyata keçirmirlər. Uzun müddət şagirdə yaxınlıq göstərir, onun etibarını qazanırlar. Bir çox hallarda dərslərindən geri qaldığını bəhanə edərək, dərsdən sonra tək sinif otağında saxlayırlar. Psixoloji pozğunluğu olan bu müəllimlərin böyük əksəriyyəti öz çirkin əməllərini telefonun yaddaşına köçürürlər. Bu məsələdə onların birinci məqsədi öz tələbatlarını ödəməkdirsə, ikinci məqsədi şagirdi şantaj edib, növbəti dəfələrdə də eyni halın yaşanmasına səbəb olmaqdır.

Elnur Rüstəmovun fikrincə informasiya yüklənməsi də hazırda məktəblərdə bu cür xoşagəlməz halları ortaya çıxarır: "Biz əvvəllər müəllimini şagirdini zorlaması xəbərlərini xarici mətbuatda oxuyurduq. Bundan sonra bunların kütləvi işıqlandırılması bu kimi halların ölkəmizdə də yayılmasına təsir etdi. Düzdür, hazırda bu kütləvi hal almayıb. Amma məktəbdə zorlama xəbərlərinin daha geniş yayılması yaxın gələcəkdə qorxulu vəziyyət yarada bilər. Əslində 20 il əvvəl də bu kimi hallar var idi. Amma o zaman məktəb daxilində bu həll edilirdi və müvafiq tədbirlər də görülürdü. Bu da zorakılıq hallarının daha geniş vüsət almasının qarşısının alırdı".

"Məktəb psixoloqlarının işi təkmilləşdirilməlidir."

Elnur Rüstəmov hazıda təhsil ocaqlarında bu və ya digər neqativ halların qarşısının alınmasının ən optimal yolunu məktəb psixoloqlarının fəaliyyətinin təkmilləşdirilməsində görür: "İstər müəllim, istərsə də şagird mütəmadi psixoloji yardım almalıdır. Bunun üçün isə mütləq şəkildə kadr potensialı olmalıdır. Məktəblərdə bu gün cəmi 1 psixoloq fəaliyyət göstərir. Bu isə normal deyil. Çünki 600 şagird və müəllimi olan məktəbdə bir psixoloqun hansı effektiv fəaliyyətindən danışmaq olar? Məktəblərdə psixoloq ştatlarına yenidən baxılmalıdır. Psixoloq ştatlarının sayı şagird və müəllimlərin sayına bərabər olmalıdır. Həmçinin həmin psixoloqlar üçün vaxtaşırı treyninq və seminarların keçirilməsi, onların psixoloji yeniliklərdən xəbərdar edilməsi çox vacibdir".

Psixoloji yoxlamaların vacibliyini təkcə bu sahənin mütəxəssisləri yox, elə təhsil sahəsində saç ağartmış pedoqoqlar da deyir. Təhsil Şurasının sədri Əjdər Ağayev müəllimlərin psixoloji testdən keçirilməsinin məktəblərdəki xoşagəlməz olayların qarşısını almaqda effektli olacağını düşünür. Onun sözlərinə görə, müəllimlər dərs ilinin əvvəlində və tədris prosesi müddətində psixoloji testdən keçirilməli və davranışında mümkün olan problemlər aşkarlanmalıdır.

Məktəblərdə cinsi zorakılıq hallarının bü səviyyəyə çatmasını isə qocaman pedoqoq dünyada zorakılıq hallarının artması ilə əlaqələndirir: "Əgər müəllim məktəbdə öz şagirdini zorlayırsa, həmin məktəbdə intizam çox zəifdir. Başlıca səbəb budur. Müəllim belə bir hala yol verirsə, deməli, onun genetikasında qüsurlar, əxlaqa uyğun olmayan elementlər var. Digər tərəfdən, həmin məktəbdə ciddi intizam olsa, hər şey qayda-qanunla həll edilsə, belə hərəkətlər baş verməz."

"Əgər müəllim öz şagirdini zorlayırsa, deməli, onun genetikasında qüsurlar var."

Əjdər Ağayevə görə çıxış yolu, paytaxtın əksər məktəblərində olduğu kimi bölgələrdəki məktəblərdə də, hər bir sinif otağına videokameraların quraşdırılmasındadır: "Bundan sonra istər müəllim, istərsə də şagird öz hərəkətlərinə cavabdeh olacaq. Həmçinin təhsil ocaqlarında zorakılıqların, təcavüzlərin qarşısının alınmasında birbaşa məktəbpsixoloqları iştirak etməlidirlər. Psixoloqlar hər gün şagird və müəllimlərlə bu sahədə iş aparmalıdırlar.

Təhsil ocaqlarındakı bu və ya digər neqativ halların kökündə həm də müəllimin işəqəbulu prosesindəki boşluğun dayandığı da bildirilir. Belə ki, hazırda Azərbaycanda məktəb müəllimlərinin işə qəbulu test imtahanı vasitəsilə həyata keçirilir. Çox ciddi bir məqam, pedaqoji kadrların psixoloji vəziyyəti yoxlanılmır. Halbuki dünya praktikasında buna çox ciddi yer verilir. Bir çox dünya ölkələrində həmçinin müəllimlərin 6 aydan bir psixoloji, tibbi müayinədən keçməsi qaydası var. Çünki məhz psixoloji problemləri olan yetkin insan özündən qat-qat az yaşı olan qızçığazlara qarşı bu cür iyrənc hərəkət edə bilər.

Təhsil Nazirliyi: "Müəllimlərin işə qəbulu 4 mərhələdə həyata keçirilir"

Təhsil Nazirliyində isə bildirirlər ki, hazırda müəllimlərin işə qəbul qaydasında bütün bunlar nəzərə alınıb. Nazirliyin saytında yerləşdirilən müəllimlərin işə qəbul qaydaları haqqında sənəddə qeyd olunur ki, müsabiqə 4 mərhələdə həyata keçirilir. Brinici mərhələ sənəd qəbulu, ikinci test imtahanının, üçüncü mərhələ imtahandan keçmiş şəxslərin vakant yerlərin seçilməsi və nəhayət yerlərə təyin edilmiş müəllimlərin peşəkar kompitensiyaları, psixoloji hazırlığı və dünyagörüşlərinin komissiya tərəfindən yoxlanılması. Həmçinin nazirlik son vaxtlar məktəb psixoloqlarının fəaliyyətinə də xüsusi diqqət yetirir və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir.

Amma bütün bu işlərin nəticələri hələ ki tam görünmür və təəssüf ki təhsil müssisələrində xoşagəlməz və qızların bəlkə də həyatını qaraldan zorlama halları baş verir. Buna görə yenə də daha çox məsuliyyət valideynlərin üzərinə düşür. Hər bir valideyn övladının telefonuna nəzarət etməli, onunla dərdləşməli, bir növ dost olmalı, məktəblə əlaqəni kəsməməli, təhsil ocağındakı vəziyyəti öz gözlərilə müşahidə etməlidir. Belə olduğu təqdirdə şagird nəinki müəlliminin, eləcə də manyak psixologiyaya malik hər kəsin hədəfindən uzaq olar.

Mediainfo.az