Düşmənə hərbi paritet yaratmağa imkan verilməyəcək
Pakistan baş nazirinin Bakı səfərinin ilginc pərdəarxası; hərbi ekspert: "Nüvə müttəfiqimiz bizə Ermənistanı darmadağın edəcək silahlar verib..."
Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifin böyük nümayəndə heyəti ilə ötən həftə Azərbaycana üç günlük rəsmi səfərinin iki ölkə arasında iqtisadi, siyasi və əsasən də hərbi sahədə əməkdaşlığının daha da genişlənəcəyinə səbəb olacağı qeyd edilir. Azərbaycan prezidenti İlham Əliyev Nəvaz Şəriflə görüşdən sonra bəyan edib ki, ölkəmiz Pakistandan ən yeni nəsil silahlar alacaq.
Qeyd edək ki, Pakistanın prezidenti Məmnun Hüseyn 2015-ci il martın 11-də, müdafiə sənayesi naziri Rana Tanvir Hussain isə 2016-cı il sentyabrın 26-da böyük nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olublar. Bu səfərlərin ardınca Pakistanın baş nazirinin səfəri ciddi hadisə sayılır. Pakistan Azərbaycanın nüvə silahı olan ən yaxın müttəfiqi sayılır. Pakistan Qarabağ torpaqlarını işğal etdiyi üçün Ermənistanı tanımayan tək ölkədir. Pakistan nüvə silahı olan yeganə müsəlman ölkəsidir və müdafiə sənayesi inkişaf etmiş müsəlman ölkəsi kimi Azərbaycan üçün vacib bir dövlətdir. İslamabad Qarabağda savaş başlayacağı təqdirdə qeyd-şərtsiz və birmənalı şəkildə Azərbaycanın yanında olacağını bəyan etmiş iki ölkədən biridir.
Bütün bu amilləri və Azərbaycanın hər an onu boğmağa hazır olan ölkələr çevrəsində olduğunu nəzərə alanda Pakistanın dövlətimiz üçün nə qədər geosiyasi və geostrateji əhəmiyyəti olduğu ortaya çıxır. Siyasi ekspertlər bu ölkə ilə müttəfiqliyin dərinləşməsinin Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını bildirirlər. Vurğulanır ki, Pakistanla iqtisadi, siyasi, hərbi əməkdaşlıq daha yüksək səviyyəyə qaldırılarsa bu, ölkəmizin xeyrinə olar. Pakistanın baş nazirinin səfəri bu işə müsbət təsirini, şübhəsiz ki, göstərəcək.
Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Pakistanla münasibətlər yüksək səviyyədə olub: "Hazırda Azərbaycanın bir çox məsələlərə dair ortaq mövqedən çıxış etdiyi əsas iki dost, qardaş, müttəfiq ölkə var ki, onlardan biri Türkiyə, digəri isə Pakistandır. Pakistan Azərbaycanı daim dəstəkləyib. Azərbaycan da Pakistana hər zaman ciddi önəm verib. Bu gün dünyada Azərbaycanın ən yaxın iki müttəfiqi var - Türkiyə və Pakistan. Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığa da xüsusi önəm verilib. Hərbi atteşelər ən yüksək səviyyədə olub. Bir zamanlar Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Talıb Məmmədov səviyyəsində Pakistanda təmsil olunmuşuq. Pakistan da Azərbaycanda ən yüksək səviyyədə təmsil olunub. Pakistan çox güclü müasir hərbi sənaye kompleksinə malik bir ölkədir, nüvə dövlətdir. Azərbaycan prezidentinin belə bir ölkədən yeni nəsil silahlar alacağımızı bəyan eləməsi sevindiricidir. Pakistanla hərbi əməkdaşlığın genişləndirilməsi həqiqətən də vacibdir. Bu ölkədən modernləşdirilmiş JF-17 qırıcılarının alınması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edəcək. Bir neçə il öncə Azərbaycan Pakistandan 3 milyard dollar dəyərində silah alıb. Bu gün dünyada 10 ən qabaqcıl hərbi-sənayesi inkişaf etmiş ölkə varsa, onlardan biri də Pakistandır. Və uzun illərdir ki, bizim ölkələrimiz arasında bütün sahələrdə, xüsusən də hərbi və hərbi-texniki sahədə ən yüksək səviyyədə əlaqələr mövcuddur. Biz yaxın perspektivdə Silahlı Qüvvələrimizin arsenalında Pakistan istehsalı olan müasir döyüş texnikasını görmək imkanı əldə edəcəyik. Bu, hərbi texnikanın çox böyük üstünlükləri var".
Ekspert xatırlatdı ki, bir müddət əvvəl Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərdə olarkən "Azərbaycan bizim ürəyimizdə yaşayır, biz bunu hər zaman sübut etmişik" bəyanatı ilə çıxış etdi:"Şübhəsiz, pakistanlı generalın "Azərbaycan bizim ürəyimizdə yaşayır" deməsi əbəs yerə deyil. Bu, bir daha onu təsdiqləyir ki, rəsmi Bakı və İslamabad bir çox məsələlərdə ortaq mövqedən çıxış edir, bir-birini dəstəkləyir, müdafiə edir. Odur ki, tərəflər arasındakı münasibətləri daha pik nöqtəyə çatdırmaq gərəkdir. Hesab edirəm ki, baş nazir Nəvaz Şərifin bu günlərdə baş tutan səfəri məhz buna xidmət edəcək. Bu ilin yanvar ayının ortalarına ölkəmizə rəsmi səfər edən Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Zakaullahın səfər çərçivəsində səsləndirdiyi fikirlər də belə deməyə əsas verir ki, İslamabad ikinci Qarabağ savaşı başlayacağı təqdirdə Azərbaycana öz dəstəyini əsirgəməyəcək. Pakistan bu istiqamətdə mövcud şəraitə uyğun olaraq əlindən gələni edir. Məsələn, bir müddət əvvəl Azərbaycan Pakistandan orta və yaxın mənzilli müasir, yəni Ermənistanı darmadağın edə biləcək ballistik raketlər alıb. Bu barədə Pakistan kütləvi informasiya vasitələrində yayımlanan məlumatlarda deyilir ki, söhbət Pakistan istehsalı olan "Şahin-1" raketlərindən gedir. Bu raketlər 750 kilometr məsafədə hədəfi məhv etmək qabiliyyətindədir. "Hatf-1" raketi isə "Şahin-1"in təkmilləşdirilmiş formasıdır və daha uzaq məsafədə hədəfi vura bilir. Onun uçuş məsafəsi 3 min kilometrdir. "Pakistani defence" saytının məlumatına görə, bu raketlər yüksək dəqiqliyə malikdir və Hava Hücumundan Müdafiə sistemləri onu tuta bilmir. Raketlər strateji obyektlərin, komanda məntəqələrinin və infrastrukturun məhv edilməsi üçün nəzərdə tutulub. Hərbi sənayesi bu dərəcədə inkişaf etmiş bir ölkə ilə müttəfiqlik, təbii ki, Azərbaycanın üstünlüyüdür. Bu ilin aprelində Qarabağ cəbhəsində 4 günlük müharibə zamanı Pakistan hətta Türkiyədən də daha açıq və konkret şəkildə mövqe ortaya qoyaraq müdafiə naziri səviyyəsində bəyan etdi ki, Azərbaycanı müdafiə eləmək üçün Qarabağa xüsusi ordu kontingenti göndərməyə hazırdır. Qardaş Türkiyənin özü bu cür açıq mövqe ortaya qoymamışdı. Pakistan dəfələrlə bəyan edib ki, Azərbaycan istəyərsə, istənilən an ordusu ilə onun yanında olacaq. Çox böyük hərbi-sənayeyə malik bir dövlətin bizi bu cür dəstəkləməsi sıradan bir hadisə sayılmamalıdır. Azərbaycan hakimiyyəti də şübhəsiz ki, bunu qiymətləndirir və ona görə də Pakistanla əməkdaşlıq, müttəfiqlik daha da genişləndirilir".
Etibar SEYİDAĞA












































.jpg)
.jpg)
.jpg)






























.jpg)
.jpg)
.jpg)












.jpg)